Turan Manafov: "Ehtiyatda qalmağımın səbəbini Mahmud Qurbanov daha yaxşı bilər"
“Səbail”in müdafiəçisi Turan Manafovun Msport.az saytına müsahibəsi
– Antalyada təşkil olunmuş qış təlim-məşq toplanışı necə keçdi. Komanda mövsümün ikinci yarısına neçə faiz hazırdır?
– Hazırlıq prosesi yüksək səviyyədə keçdi. İstər məşq, istərsə də şərait baxımından hər şey əla idi. Komandamızda ab-hava yaxşıdır.
– Şahin Diniyevin gəlişindən sonra “Səbail”də nə dəyişib?
– Baş məşqçi dəyişikliyi komandaya çox yaxşı təsir edib. Bu,məşqlərdə özünü daha çox göstərir. Şahin müəllim futbolçu psixologiyasını dərindən bilən mütəxəssisdir. Komandamızda əhval-ruhiyyə yüksəlib.
– Toplanışı 2 heç-heçə, bir məğlubiyyətlə başa vurduz. Yoxlama oyunlarında qələbə qazanmamaq komandaya necə təsir etdi?
– Polşa “Legiya”sı ilə ilk oyunda qələbəyə çox yaxın idik. Qalib gəlməyə də layiq idik. Oyun boyu epizodlarımız oldu. Rəqibin üzərində ciddi təzyiq yaratmışdıq. Təəssüf ki, rəqib iki real qol şansından istifadə etdi. Halbuki bizim daha çox təhlükəli hücumumuz oldu. Bu oyunlarda mühüm olan bütün futbolçuları sınaqdan keçirməkdir. Qələbə isə daha çox ikinci planda qalır. Amma futbol elədir ki, çıxdığın hər qarşılaşmada qalib gəlmək istəyirsən.
– Mövsümün ilk hissəsini daha çox ehtiyatda keçirdiniz. Halbuki komandanın əsas heyət üzvlərindən birisiniz. Niyə sizə az şans verilirdi?
– Bu, əvvəlki baş məşqçi Mahmud Qurbanovun qərarı idi. Səbəbini mən də bilmirəm. Yəqin ki, özü bilər. Cavablar ondadır. Sadəcə, onu deyə bilərəm ki, mən tərəfdən heç bir problem yaşanmayıb. Bu haqda özündən heç nə soruşmamışam. Mənim az oynamağımın da, ehtiyatda qalmağımın da səbəbini Mahmud müəllim bilər. Məndə cavab yoxdur.
– Bəlkə Mahmud Qurbanovla aranızda hər hansı problem var idi?
– Şəxsən nən tərəfdən heç bir problem yox idi. Qarşı tərəfi deyə bilmərəm. Amma deyilənə görə, onun da mənimlə bağlı hər hansı problemi yox idi. Dediyim kimi, özündən soruşsaz, sizə daha ətraflı cavab verə bilər. Mənə görə isə artıq bunlar geridə qalıb və heç bir önəmi yoxdur.
– Qış fasiləsindən sonra ilk oyun “Şamaxı”ya qarşı olacaq. İlk matçlar hər zaman ağır keçir. Bu görüşdən nə gözləyirsiniz?
– Bütün oyunlara qələbə üçün çıxırıq. “Şamaxı” ilə görüş də bizim üçün çox vacibdir. Məqsədimiz səfərdən 3 xalla ayrılmaqdır. İlk matçlar həqiqətən də ağır olur. Ancaq bu, bütün komandalar üçün keçərlidir.
– Komanda hazırda sonuncu pillədədir? Bu, futbolçuların üzərində hər hansı təzyiq yaratmır?
– Təbii ki, müəyyən təsiri var. Düşdüyümüz qara zolaqdan çıxmaq istəyirik. Məşqlərimiz intensiv şəkildə davam edir. Son pillədən uzaqlaşmaq üçün var gücümüzü ortaya qoymalıyıq. Bütün komanda yoldaşlarımın da istəyi budur.
– Sizcə, “Səbail”in bu vəziyyətdə olmasının əsas günahkarı kimdi?
– Bu sual haqqında geniş açıqlama verməyə ehtiyac yoxdur. Komanda sonuncu pillədədirsə, bunda istər-istəməz hamının günahı var.
– “Səbail”lə müqaviləniz nə vaxt başa çatacaq və gələcək planlarınız nədən ibarətdir?
– Klubumla daha iki illik müqaviləm var. Sonadək buradayam. Komandamın uğurlaırı üçün çalışacam.
CAHİD