“Turan Tovuz”dan bilet satışı ilə bağlı yenilik
“Turan Tovuz” elektron bilet sisteminə keçir.
Msport.az xəbər verir ki, bu yenilik Tovuz stadionunun UEFA standartlarının tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır.
“Birbilet.az ilə əməkdaşlığımız çərçivəsində azarkeşlərimiz artıq kassaya gəlmədən biletləri onlayn şəkildə əldə edə biləcəklər.
Qeyd edək ki, mövsümlük bilet əldə etməklə stadionda özünüz üçün ən ideal yeri seçə və mövsüm boyu bütün oyunları eyni yerdən izləyə bilərsiniz.
Şəhid ailələri və qazilərimiz onlar üçün ayrılmış sektora dəvətnamələri stadionumuzun kassasından ödənişsiz əldə edə bilərlər.
Elektron bilet almaqda çətinlik çəkən azarkeşlərimiz isə biletləri stadionun kassasından fiziki şəkildə əldə edə biləcəklər.
Qeyd edək ki, stadiona giriş yalnız fiziki və ya onlayn biletin üzərində olan QR kodu oxutmaqla mümkün olacaq”.
Mövsümün ilk oyunu üçün biletlər bu gün saat 11:00-dan satışa çıxarılacaq.
Qeyd edək ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində avqustun 14-də öz meydanında “Qəbələ”ni qəbul edəcək. Oyun saat 19:30-da start götürəcək.







