Daha üç boksçumuz yarımfinalda
Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialına start verilib.
Msport.az xəbər verir ki, yarışda millinin 3 üzvü ilk görüşlərini qələbə ilə başa vurub.
Ümid Rüstəmov (57 kiloqram) 1/4 finalda Rusiya çempionu Yevgeni Lyaşkovu mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). O, ikinci qarşılaşmasında Maksim Pankovla (Belarus) döyüşəcək.
Maqsud Xasmetov (60 kiloqram) adını yarımfinala yazdırıb. O, rusiyalı Nurlan Səfərovu 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. İdmançı yarımfinalda Denis Parilovla (Rusiya) üz-üzə gələcək.
Ruslan Rüstəmov (63,5 kiloqram) isə 1/4 finalda Aleksandr Kirsanovdan (Rusiya) güclü olub. Boksçu rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Nikita Birenkovu (Rusiya) sınağa çəkəcək.
Boksçular yarımfinala yüksəlməklə, özləri üçün ən azı bürünc medalı təmin ediblər. Yığmanın digər üzvlərindən Mirşərif Kazımzadə (75 kiloqram) finala vəsiqə üçün Yeqor Şapoçanski (Rusiya) ilə, İlqar Salahov (67 kiloqram) isə Ruslan Abdullayevlə (Özbəkistan) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları mayın 17-də olacaq.