Üç klub və millimiz mərkəzi arenada - Ot örtüyü yüklənməyə hazırdırmı?
Tofiq Bəhramov adına Respublika Stadionu bu ay 3 klubun ev oyunlarını qəbul edəcək.
“Qarabağ”dan başqa, “Zirə” və “Kəpəz” öz stadionlarındakı təmir işləri ilə əlaqədar mərkəzi arenada oynayacaqlar.
Həmçinin, milli komandamızın “FIFA series – Edition 2024” turnirində Monqolustan və Bolqarıstanla matçları da “Tofiq Bəhramov”da olacaq.
Bəs, görəsən, stadion bu qədər oyunu qəbul etməyə hazırdımı?
Məhz bu sualla mərkəzi arenanın direktoru Tələt Məmmədova müraciət etdik.
O, Msport.Az saytına açıqlamasında meydança ilə bağlı hər hansı problemin yaşanmayacağını bildirdi: “Siz ot örtüyündə hər hansı problem görürsünüz? Şükür Allaha, ot örtüyündə yüklənmə yoxdur. İnanıram ki, millinin oyunları zamanı da heç bir problem olmayacaq. Bunların hamısını gözə almışıq. Ot örtüyünə özümüz qulluq edirik. Hər şey qaydasındadır”.
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Monqolustan, 25-də isə Bolqarıstanla qarşılaşacaq.