featured-image-67950

Azərbaycan UEFA reytinqində xal ehtiyatını bir qədər də artırıb.

Msport.az xəbər verir ki, bu, “Qarabağ”, “Sabah” və “Araz-Naxçıvan”ın avrokuboklardakı uğurlu çıxışı sayəsində mümkün olub.

II təsnifat mərhələlərinin cavab matçlarında “Qarabağ” (Çempionlar Liqası) “Şelburn”a (İrlandiya), Konfrans Liqasında çıxış edən “Sabah” “Petrokub”a (Moldova) qalib gəlib, “Araz-Naxçıvan” “Aris”lə (Yunanıstan) heç-heçə edib, digər təmsilçimiz “Zirə” isə səfərdə “Hayduk”a uduzub.

Beləliklə, bu həftə üç Azərbaycan klubu ümumilikdə 2,5 xal qazanıb (təsnifat mərhələsində hər qələbəyə 1, heç-heçəyə 0,5 xal verilir). Qaydalara görə toplanan ümumi xallar hər iştirakçı ölkənin öz komandaları arasında bölündüyündən Azərbaycanın bu həftə ümumi qazancı 0,625 xal olub.

Azərbaycan bu həftə UEFA reytinqində Rusiyanı (yarışlardan qeyri-müəyyən müddətə xaric olunub) ötərək 29-cu yerdən 28-ci pilləyə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 18,750-dir. Azərbaycanın ən yaxın izləyicisi olan 30-cu pillədəki Bolqarıstanın 17,250 xalı var. Ölkəmizdən bir pillə öndə – 27-ci yerdə qərarlaşmış Ukraynanın xal ehtiyatı isə 19,225-dir.

Bənzər xəbərlər