"Ümid edirəm ki, qısa zamanda Ukrayna öz torpaqlarını geri qaytaracaq" - "Səbail"in futbolçusu
“Səbail”in ukraynalı futbolçusu Petro Stasyukun Msport.az saytına müsahibəsi
– Artıq bir neçə aydır Azərbaycandasınız. Özünüze burada necə hiss edirsiniz?
– Bura ailəlikcə çox xoşumuza gəlir. Ölkəyə və Bakıya adaptasiya əla keçdi.
– Bəs, çempionata necə, uyğunlaşa bilirsiniz?
– Düşünürəm ki, Premyer Liqaya adaptasiya hər gün daha yaxşı gedir. Məşqçilər heyətinin tələblərini yaxşı anlayıram. Komanda yoldaşlarımla qarşılıqlı anlaşma günü-gündən yaxşılaşır.
– “Səbail”ə keçidiniz necə reallaşdı?
– Son ilyarımı keçirdiyim “Mariupol” klubu Ukraynadakı müharibə səbəbindən müvəqqəti olaraq, ölkə çempionatında iştirak etmir. Son 3 ayda Donetsk “Şaxtyor”unun düşərgəsində oldum. Həmin vaxt “Səbail”dən maraq var idi. Bu variant xoşuma gəldi. Ona görə də hazırda buradayam.
– “Səbail”ə gələnədək yalnız Ukraynada oynamısınız. Legioner həyatı yaşamaq sizə çətin deyil?
– Hər zaman öz gücümü xarici çempionatlarda sınamaq istəmişəm. Legioner olmaq maraqlıdır. Yüksək məsuliyyət tələb edir. Çıxış etdiyin kluba mümkün qədər çox xeyir vermək istəyirsən.
– Hazırda Ukraynada müharibə gedir. Bu amil oyununuza mane olmur?
– Əlbəttə, vətənim, doğmalarım və yaxınlarım haqqında çox düşünürəm. Amma məşq prosesi və birbaşa oyunlar zamanı yalnız futbola köklənirəm.
– Siz Odessadansınız, yəqin ki, ailəniz, yaxınlarınız orada yaşayır. Onlarla tez-tez əlaqə saxlayırsınız? Hazırda orada vəziyyət necədir?
– Bəli, hər gün ailə üzvlərim və dostlarımla əlaqə saxlayıram. İndi bütün ölkə təhlükəlidir. Çünki Rusiya hər gün Ukraynaya çox sayda raket atır.
– Bilirsiniz, 2 il öncə biz də ermənilərlə müharibə etdik və işğal altındakı torpaqlarımızı qaytardıq?
– Bəli, xəbərim var. Heç kimin başqasını ərazisini işğal etməyə haqqı yoxdur. Ümid edirəm ki, çox qısa zamanda Ukrayna da öz torpaqlarını geri qaytaracaq. Yaşasın Ukrayna!
– Azərbaycan və Ukrayna futbolunu necə müqayisə edərdiniz?
– Ukraynada futbolun ümumi səviyyəsi buradakından yüksəkdir. Amma Azərbaycan çempionatında da layiqli komandalar, yaxşı yerli və legioner futbolçular var.
– “Səbail” mövsümə yaxşı başlamayıb və qeyri-sabit çıxış edir. Bunun səbəbini nədə görürsünüz?
– Çünki çoxlu sayda yeni futbolçumuz və yeni məşqçilər heyətimiz var. Əminəm ki, oyundan-oyuna daha güclü və stabil olacağıq.
– Premyer Liqada növbəti oyunu “Şamaxı”ya qarşı keçirəcəksiniz. Bu matçdan nə gözləyirsiniz?
– Təbii ki, digər görüşlərdə olduğu kimi yalnız qələbəyə köklənmişik.