"Uşaq vaxtı "Dinamo"ya azarkeşlik etmişəm" - Qurban Qurbanov
“Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. “Dinamo” Azərbaycana çox tanış, burada da çox azarkeşi olan komandadır. Maraqlı oyun olacaq. Oyuna tam istədiyimiz kimi hazırlaşmışıq, səfərə yaxşı nəticə üçün gedirik. Rəqib də ciddi hazırlaşıb, çempionat oyunları təxirə salınıb. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq”.
Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin Kiyev “Dinamo”su ilə səfər oyununda öncə mətbuat konfransında səsləndirib.
– Zakaria Savonun yoxluğunda mərkəz hücumçusu kimi Renaldo Sefası görə bilərik?
– Hansısa dəyişikliklər olacaq. O da variantlardan biridir. Hələ tam qəti qərar verməmişik ki, orada Sefas oynayacaq, ya başqası.
– Sabahkı matçda sizi daha çox nə narahat edir, “Dinamo”nun adı, yoxsa futbolçuları?
– Məni həmişə narahat edən rəqib yox, özümüz olmuşuq. İstəmişəm ki, komandam istədiyim kimi hazırlıq keçsin. Komandadan bəzi narahatlığım var. Sofiyadakı cavab oyunundan sonra bəzi futbolçularda mikro zədələr yarandı, tam formada məşq edə bilmədilər. Oyundan sonra məşqçilər arasında danışırdıq və dedim ki, bu gün 120 dəqiqə oynamaq istənilən komanda üçün tezdir. Xüsusən də yeni formalaşmış kollektiv üçün. 90 dəqiqə hazır olmayanlar var idi. Oyunçuların bərpası gec oldu. “Dinamo” kimi rəqiblərə qarşı oynamağı xoşlamışam. Xüsusilə də, köhnə potsovet komandalarına qarşı.”Dinamo”ya uşaq vaxtı özüm də azarkeşlik etmişəm. O vaxtı əsas komandalar “Dinamo” və “Spartak” idi. Köhnə “Spartak”ın oyunu mənim üçün daha uyğun idi. Ancaq “Dinamo”ya daha çox azarkeşlik edirdim. Bu cür komandalara qarşı oynamaq həmişə maraqlıdır. Bəlkə başqa komanda olsaydı, bizdə də azarkeşlər arasında oyuna maraq belə böyük olmazdı. Ancaq “Dinamo”nu hamı tanıyır, yaşlı nəsil onların oyunlarına baxıb. Belə komandalara qarşı oynamaq mənim üçün prestij olub, çəkinməmişəm. Həmişə demişəm, irəli getmək, böyümək üçün bu cür komandalara qalib gəlməlisən.
– Mərhələlər keçdikcə, daha güclü rəqiblər gəlir. “Qarabağ” bu gün avrokuboklarda həm də çempion olmamağın əziyyətini çəkir?
– Belə rəqiblərə qarşı çox oynamışıq. Ötən mövsüm biz çox yükləndik. Bizim kimi çox komandalar ötən mövsüm nəticələri qoruyub-saxlaya bilmədilər. Çempionatda da belə oldu. ÇL-in çəkisi başqadır. Hətta qrupda oynamaq yox, elə o adın özü tam başqadır. Kollektiv həmişə bir sağlam olmur. Gedişatda bunu yaxşılaşdırmaq baxımından güc sərf etməli oluruq. Sofiyada qalib gəlməsək də, uduzmadıq da. Hər iki matç bərabərliklə başa çatdı. Cavab oyununda komandamın xarakterindən tam razı qaldım. Bu oyunda bəzi futbolçulara görə narahatlığım var. Zakaria Savo bu cür rəqiblərə qarşı lazım idi. Buna baxmayaraq, rotasiyalar edəcəyik, yaxşı hazırlaşacağıq. Çempionluq həmişə bizə yazılmayıb ki… Rəqiblər də illər boyu bu turnirlərdə iştirak etmək üçün proqram qururlar. Ola bilər ki, yenilənməyə ehtiyac var. Yolumuza davam edirik. O demək deyil ki, tutduğumuz yol düzgün deyil. Düşünürəm ki, yaxşı olacaq. Sona kimi mübarizə aparacağıq.
– “Dinamo” neytral meydanda oynayır. Bu məqam onlara necə təsir edəcək? Vaxtı ilə siz də oyunları Türkiyədə keçirirdiniz…
– Biz çox az müddət keçirdik bu oyunları. Mütləq ki, təsiri olacaq. Mən də istəyərdim ki, Kiyevdə, böyük stadionunda oynayaq. Hər halda, bu Valeri Lobonovskinin komandasıdır, orada oynamaq bizim üçün xoş olardı. Böyük ehtimal xeyli azarkeşimiz olacaqdı. Futbol elə həddə çatıb ki, səfər və ya ev fərq etmir. Bəzən səfərdə oynamaq daha asan olur, nəinki evdə. Səfərdə bəzən həyəcan daha az olur. Hər halda, təsiri var. Bu, “Dinamo”dur, neçə illərdir neytral meydanda oynayırlar. İnanmıram ki, bu məqam onlara təsir etsin. İstəməzdim ki, müharibə şəraitində oynasınlar. Allah qoysa, tezliklə müharibə bitər və hər kəs evinə qayıdar. Həyatdır da, belə hallarla razılaşmaq lazımdır. İnanıram ki, nəinki Ukrayna-Rusiya, dünyada bu kimi bütün problemlər yoluna qoyular, hamı xoş-firəvan yaşayar.
– Ukrayna mətbuat “Dinamo”dan narahatdır. İtkiləri də var…
– Son iki oyunlarına baxdım. Gördüyümüz nəticə oyuna görə deyildi. PAOK yaxşı komandadır, bəlkə haqlı qalib gəldilər. Yeni oyunçular gəlib komandaya. Deməzdim ki, “Dinamo”nun müdafiə xəttində problem var. Biz də iki oyuna qol vurmadıq, bizdə də hansısa çatışmazlıq ola bilər. Sadəcə bu fikirlər bizə təsir etməli deyil. Biz sadəcə yaxşı komandaya qarşı hazırlaşırıq. Çox diqqətli olmalıyıq. Həm təcrübəli, həm də gənc oyunçulardan qurulmuş fiziki komandaya qarşı oynayacaq.
– Şahruddin Məhəmmədəliyevin “Zirə”yə gedəcəyi deyilir..
– Şahruddinlə bağlı məndə məlumat yoxdur. Mən bilmirəm. İnanmıram ki, belə danışıqlar olub.
– Mateuş Koxalski son matçdan sonra çox tənqid edildi. Özü ilə danışmısız, psixoloji durumu qaydasındadır?
– Normaldır, qaydasındadır hər şey. Biz bunu qəbul etməliyik. Bu barədə daim düşünürük. Uduzanda bizi alqışlayıblar, bizdən razı qalıblar. Sadəcə bəzi kütlə narazı qalır, bu da normaldır. Koxalski də tənqid olunası bir ciddi şey varmı? Sadəcə penaltilər idi. Kömək edə bilmədi. Rəqibin də ustalığını nəzərə almaq lazımır. Uduzurqsa, tənqid olunmalıyıq. Yaxşı mübarizəyə diqqət ayırmırlar, sırf nəticəyə baxırlar. Bu da normaldır. Düşünürlər ki, uduzublarsa, hər şey pisdir. Koxalski komandaya tam uyğunlaşır, təcrübəsi artır. Böyümək üçün mütləq tənqidləri qəbul etməyi bacarmalıyıq. Bəzən xətdən kənara çıxırlar, o da hər yerdə var.
– Böyük ehtimalla çempionluq mübarizəsi “Qarabağ”la “Sabah” arasında gedəcək. Onlara qarşı daha çətin olacaq bu mövsüm?
– Bugünki matçda onlara uğurlar arzulayıram. Vacib oyunları var. Çempionluq uğrunda iddialılar çoxalıb. Dünən də Ehtiram Quliyev müsahibəsində deyib ki, çempionluğa oynayırlar. Ötən mövsüm də iddialı idilər. Onların ötən mövsümkü oyunları və istəkləri göstərdi ki, daha hazırlıqlıdırlar. Ola bilər ki, komandanı tam möhkəmləndirəcəklər. “Neftçi”ni də unutmaq olmaz. Onlar da çempionluğa oynayacaqlar. “Sabah” bu gün təcrübəli komandadır. Avropa Liqası ayrıdır, Konfrans Liqası ayrı. Çempionlar Liqasıda 1-2 oyun oynayanda daha inamlı, daha təcrübəli olursan. “Sabah” bu mövsüm meydanda daha inamlı və sərbəstdir. Qarşında inamlı komanda dayanırsa, sənin üçün asan olmayacaq. Buna görə, bu il daha gərgin çempionat olacaq. Daha səliqəli, daha diqqətli hazırlaşmalıyıq. Hələ ki fikrimiz avrokuboklara yönəlib. Futbol elə səviyyəyə çatıb ki, zədələr çoxalır. Daha çox güc sərf olunur, böyük sürət tələb edilir. Sıx qrafikdən danışılası deyil. İnanıram ki, bu mövsüm çempionat daha gərgin olacaq.







