"Utanırıq ki, belə komandalara uduzuruq" - Bədavi Hüseynov
Millimizin və “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Malta toplanışında yenidən zədə aldı. Msport.az xəbər verir ki, 30 yaşlı müdafiəçi futbolinfo.az saytına müsahibə verib.
- Yığma komandanın düşərgəsinə çağırılmağın ciddi müzakirələrə səbəb oldu. Çünki yenicə zədədən qayıtmışdın və gedib yenə zədə aldın…
-Mən son 2 ay ərzində tam şəkildə komanda ilə birgə məşq etmişdim. Canni De Byazi bu haqda məlumatlı idi. “Qarabağ”ın son oyununda az müddət də olsa, oynamışdım. Millinin baş məşqçisi də bunu görmüşdü. Fikirləşirəm ki, De Byazi mənə millinin yayda keçiriləcək rəsmi oyunlar öncəsi ab-havanı hiss etmək şansı yaratmışdı. Buna görə ona təşəkkür edirəm. Təbii ki, dəvətə görə sevindim. Bu da mənim üçün uzun fasilədən sonra təcrübə oldu. Təəssüf ki, düşərgədə zədələndim. - Belə görünür ki, keçmiş zədən yeniləndi?
- Malta ilə oyundan sonra məşqdə zədə aldım. Bu zədənin mənim köhnə zədəmlə heç bir əlaqəsi yoxdur. Xoşbəxtlikdən, ciddi deyil. Artıq fərdi məşqlərə də başlamışam. Özümü indi daha yaxşı hiss edirəm. Ümid edirəm ki, tezliklə komandanın məşqlərinə də qatılacam.
- Milli komandanın nəticələri ürəkaçan deyil və bu təbii olaraq narazılıq yaradır. Ümumiyyətlə, vəziyyəti necə dəyərləndirirsən?
- Bəli, təəssüf ki, milli komandamızın nəticələri ürəyimizcə deyil. Bu, bizim hamımızı narahat edir. Heç cür oyunumuzu alındıra bilmirik. Komandada əsəbilik hiss olunur. Bilmirəm bu nə ilə bağlıdır? Bəlkə də nəticələr… Bu vəziyyətdən çıxmağa çalışırıq. Ümid edirəm, millinin son 2 məğlubiyyəti bizi ayıldacaq, buna fürsət yaradacaq. Heç bir rəqibi alçatmaq istəmirəm. Açığı desəm, biz utanırıq. Utanırıq ki, belə komandalara uduzuruq. Bu komandalarla biz hər zaman “1 nömrə” kimi oynamışıq. Bütün futbolçular yenidən düşünməlidir və növbəti oyunlarda, rəsmi matçlarda millidə etməli olduğumuzu – bütün güclərini ortaya qoymalıdır.
- Bu mövsüm sənin üçün çox ağır keçdi…
- Bəli, bu il mənim üçün çox ağır keçdi, bunun da səbəbi ciddi zədə idi. Ümid edirəm hər şey geridə qaldı. Allaha şükürlər olsun ki, mən qayıtmışam. İndi əlimdən gələni edirəm ki, əvvəlki formamı bərpa edim və azarkeşləri, həmçinin komandamı öz oyunumla sevindirim.