Vaqif Cavadov: "Bundan sonra onun futbolçu olacağı artıq məndə şübhə doğurur"
“Oyun epizodu idi, bunu gərginliklə izah edərdim. Məni təsirləndirən odur ki, matçdan sonra yaxınlaşıb üzrxahlıq belə etmədi. Halbuki deyə bilərdi ki, müəllim, hərəkətim sizə deyildi, emosiyalara qapılmışdım. Amma onu da görmədim. Gözlədim, olmadı”.
Bu sözləri Msport.az saytına açıqlamasında “Sumqayıt-2” komandasının baş məşqçisi Vaqif Cavadov “Neftçi-2” ilə oyunda rəqib futbolçu Ağadadaş Salyanskinin ona qeyri-etik jest etməsinə münasibət bildirərkən deyib.
Mütəxəssis bildirib ki, bu hərəkət tək ona yox, bütün komandasına qarşı olan jest idi: “Hakim, hakim-inspektor və AFFA nümayəndəsi də orada idi. Bunu hamısı gördü. Bu hərəkət gələcəyinə ümid bəslənilən oyunçudan gəldi. Amma bundan sonra onun gələcəkdə futbolçu olacağı artıq məndə şübhə doğurur. Ağadadaş işaqdır, mən özümə arxayınam. Ona məsləhət görərdim ki, nəsə demək üçün əvvəlcə futbolçu olmaq lazımdır. Biz futbolçu olarkən həmin hərəkəti ümumiyyətlə etməzdik. Ən azı tərbiyəmiz buna imkan verməzdi”.