featured-image-21461

“Sumqayıt”ın futbolçusu Vüsal İsgəndərlinin Msport.az saytına müsahibəsi

– Yeni ilin ilk turunda səfərdə “Zirə”yə 1:3 hesabı ilə uduzdunuz. Matçda ilk qolu siz vursanız da, qələbə hesabını ikinci yarıda qoruya bilmədiniz. Səbəb nə oldu?
– Oyun sözün əsl mənasında 2 hissəli oldu. İlk 45 dəqiqə bizim üçün çox yaxşı alındı, əla oynadıq. İkinci yarıda isə hər şey əleyhimizə dəyişdi.

– Niyə ilk hissədəki oyunun davamını ikinci yarıda gətirə bilmədiniz?
– Sistemdə dəyişiklik oldu. Vurğun Hüseynov zədələndikdən sonra Murad Xaçayev ortadan məcbur arxa xəttə keçdi. Bu da oyunumuzda özünü göstərdi.

– Qış fasiləsindən sonra ilk oyunlar həmişə çətin olur. Bunu meydanda nə dərəcədə hiss etdiniz?
– Əlbəttə, yeni heyət, yeni hücum xəttimiz var. Amma yenə deyirəm, ilk hissədə hər şey istədiyimiz kimi gedirdi. Kapitanın zədələnməsi planları pozdu.

– “Sumqayıt”ın yeganə qoluna məhz siz imza atdınız. Sabiq komandanıza qol vurmaq sizin üçün hər hansı önəm daşıyırmı?
– “Zirə” mənim üçün hər zaman dəyərli, önəmli bir yerdədir. Çünki mən məhz orada üzə çıxdım. Ayxan Abbasov, Elnur Çodarov, Adil Şükürovun karyeramda rolu böyükdür.

– Bu mövsüm sonuncu pilləni tutan komanda Premyer Liqanı tərk edəcək. Bu amil sizi qorxutmur?
– Təbii ki, qorxu hər klub üçün var. Qələbələr qazanıb o qorxunu üzərimizdən atacağıq.

– Qış fasiləsində yeni transferlər edildi. Onların çıxışını necə qiymətləndirirsiniz?
– Cəmi 1 oyuna göre qiymət vermək olmaz. Biz də onlara kömək edəcəyik ki, komandaya tez uyğunlaşsınlar. Hamısı xarakterli oyunçulardır.

– Ötən ilin sonunda təkliflərinizin olduğunu, qış fasiləsində yenidən ölkə xaricinə yollana biləcəyinizi demişdiniz. Niyə alınmadı?

– İki rəsmi təklif gəldi. Amma həm maddi, həm də, digər şərtlərdə razılığa gələ bilmədik.

CAHİD

Bənzər xəbərlər