Xaqani Məmmədov da Məsiyevin qərarını dəstəklədi - VİDEO
AFFA Hakimlər Komitəsinin sabiq səddri Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının 6-cı turunda “Turan Tovuz” – “Araz Naxçıvan” oyununda (1:2) baş verən epizodu şərh edib. Msport.az xəbər verir ki, Ramon Maçadonun Roderik Millerə qarşı kobud oyunu ictimaiyyət arasında geniş müzakirə olunur.
Oyunun baş hakimi Elçin Məsiyev həmin epizodda qonaqların hücumçusuna sarı vərəqə göstərib. AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekeere Məsiyevin qərarını dəstəkləmiş və Maçadonun düşüncəsiz davranışa görə, sarı vərəqə almalı olduğunu bildirmişdi.
X. Məmmədovun da məsələyə münasibəti oxşar olub: “Top havadadır və “Araz Naxçıvan”ın futbolçusu topa oynamaq istəyir və çalışır. Onun butslarını ucu rəqibin üzünə dəyir və ona xətər yetirir. “Turan Tovuz”un futbolçusu Miller zədələnir və bundan sonra meydanı tərk edir. Hakim bunu düşüncəsiz hərəkət kimi qəbul edib, ona sarı vərəqə göstərir. FİFA-nın oyun qaydaları, UEFA-nın təlmatları var. Son təlimatlara əsasən, qayda belədir ki, hakim düşüncəsiz hərəkətə görə sarı vərəqə göstərir. Niyə sarı vərəqə? Çoxları buna aqressiv hərəkət deyir. Hansı aqressiyadan burda söhbət gedir? O vaxt aqressiv hərəkət olardı ki, “Araz Naxçıvan”ın oyunçusu ayağının altı ilə rəqibə zərbə endirərdi. Bu, bilərəkdən rəqibə qarşı aqressiv hərəkət olardı. Burda ayağının ucu ilə rəqibin sifətinə toxunur. Sadəcə olaraq ona görə şişirdilər ki, zədə aldı, meydandan çıxdı, komanda uduzdu. Burda nə şiddət var, nə də intensivlik. Ən əsas meyar budur ki, bu epizodda rəqibə qarşı intensivlik və şiddət yoxdur.”