"Yaxşı oldu ki, özümü cilovladım" - Samir Abasov
“Hər iki komanda qalib gəlmək istəyirdi. Qalib də gələ bilərdik, uduzmaq təhlükəsi də var idi. Hər iki komandaya uğurlar arzu edirəm”.
Azərbaycan Premyer Liqasının 29-cu turunda “Neftçi” öz meydanında “Sumqayıt”la bərabərə qalıb – 1:1. Msport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
– Qol epizodlarınız çox olsa da, son nöqtəni qoya bilmədiz. Bu qədər hücumların qolla nəticələnməməsi sizi düşündürür?
– Düşündürsə də, dəyişə bilmərik. Bəzi epizodları əvvəlcədən işləyirik. Oyunçularımızın epizodlardan istifadə edə bilməmələri keyfiyyətə bağlıdır. İtkilərdən danışmağı sevmirəm. “Neftçi”ni uda bilərdik. Dəyişikliklərlə nəsə edə bilərdik. Əfsuslar olsun ki, bəzi oyunçularımız yox idi. Oktavio və Murata oynamırdı. Futbolçularımı təbrik edirəm. Sona kimi yaxşı oynadılar.
– Səbuhi Abdullazadə haqda nə düşünürsüz? Qərar verməkdə çətinlik çəkir…
– Səbuhi öz yetirməmizdir. Mən məşqçiliyə başlayanda, onu 15-16 yaşında meydana buraxmışdım. Bəli, tamamilə düz vurğuladız. Səbuhinin yerində Murata və Oktavio olsaydı, başqa cür qərarlar görərdik. Yerlilərdən danışırıqsa, onlar oyun anlayışı olaraq, yavaş-yavaş addımlayırlar. Səbuhi bu cür epizodları çox yaşamalıdır. Roi Kehatı öz istəyi ilə dəyişdik və Səbuhini önə çəkdik. Səbuhi çox yaxşı futbolçu olacaq.
– “Sumqayıt” avrokuboklara gedə bilsə, yaxşı olacaq. Gedə bilməsə, futbol ədalətsizliyini görəcəyik?
– Aşağı-yuxarı digər klublarla eyni gücdəyik. Üzülürəm ki, oyunumuz gedə-gedə heç nə edə bilmədik. Amma yan-yörəmə baxıram ki, cavan uşaqlar qalıb ehtiyatda. Desəm iki xal itirdik…Analiz edib deyə bilərəm. 100 faizli qol epizodlarımız bir addım daha çox idi. Oyunu uda bilərdik. “Neftçi”nin futbolçuları bizim yaratdığımız epizodları vurardı. Öz oyunçularımı aşağılamıram. Sadəcə kritik nöqtələr var ki, “Neftçi”nin oyunçuları onu daha dəqiq verə bilərdilər.
– Elçin Məsiyevə yumruq göstərdiniz. Futboldan kənar olsaydı, ona nə edərdiz? Sizə sarı vərəq verildi…
– Mənə hansı oyunda sarı vərəqə verimirlər? Həmin epizodda Rauf Cabbarov deyir ki, haqlısan, sadəcə baş hakim yalnışlığa yol verdi. Yaxşı oldu ki, özümü cilovladım.
– Hələ ki “Sumqayıt”da istədiyiniz keyfiyyətdə oyunçular yoxdur?
– “Neftçi”də həmən nələrsə istəyirlər. Amma bizdə Səbuhi kimi futbolçumuzdan istəyənə qədər, ona keyfiyyəti aşılamalıyıq. Biz həmin mərhələdəyik. Səbuhi həmin ötürmələri verə bilmədisə, buna səbrlə yanaşırlar. Amma digər komandalarda buna vaxt verməzlər. Elvin Bədəlov, Murad Xaçayev, Səbuhi Abdullazadə yaxşı oyunları ilə sıçrayış ediblər.
– “Neftçi” ilə oyunlarda həmişə emosional olurduz, bu dəfə elə olmadı…
– Əsla, sakitçilikdən söhbət gedə bilməz. Meydanda nə baş verirsə-versin, mətbuat konfranslarda hakimlərin üstünə getməyin tərəfdarı deyiləm. Bu pis təcrübədir. Bu olanda əksinə daha da qızışdırırıq oyunu. Gənc referilərimiz var, yaxşı idarə edirlər. Türkiyə kimi böyük ölkələrdən bunlardan beş-betərin görümüşk. Nə baş verirsə, meydanda baş versin. Hakimlərdən danışmağın, onların üzərinə getməyin tərəfdarı deyiləm.