featured-image-71988

Azərbaycan Premyer Liqasının 12-ci turunun  dünən keçirilən oyunlarında yenə diqqət mərkəzində hakimlər oldu.

Həm “Karvan-Yevlax” – “Kəpəz” (1:2) , həm də “Sumqayıt” – “Qarabağ” (2:4) matçlarında ədalət təmsilçilərinin bəzi qərarları onların ədalətli davranmasına şübhələr yaratdı.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycana gələn gündən bəyan edir ki, bəsit, yüngül penaltilərin və qırmızı vərəqələrin əlehinədir. Həqiqətən də ötən mövsüm hakimlər buna əməl eməyə çalışırdılar. Adi toxunuşa görə penalti təyin etmir, hər kəsin gördüyü aşkar qayda pozuntularında 11 metrlik nöqtəni işarə edirdilər. Lakin hiss olunur ki, cari çempionatda belçikalı mütəxəssisin hakimlərə təsir gücü azalıb. Bəlkə də bu, onun istəyinin ziddinə olaraq, Rauf Allahverdiyevin ömürlük hakimlikdən uzaqlaşdırılmasından sonra baş verdi. De Bleker başa düşdü ki, hər nə qədər komitə sədri olsa da, bəzi strateji məsələlərdə onu dinləməyə bilərlər. Btün bunlar isə ümumilikdə idarəetməyə ciddi şəkildə təsir göstərir.

Keçək dünənki oyunlara. “Karvan-Yevlax” – Kəpəz” görüşünün 76-cı dəqiqəsinda Rauf Cabbarovun meydan sahiblərinin qapısına təyin etdiyi penalti böyük suallar doğurdu. Bəlkə də orda cüzi toxunuş var idi, amma De Blekerin də dediyi kimi futbol təmas oyunudur və hər təmasa görə qayda pozuntusu qeydə alınmamalıdır. Həmin epizoda isə hətta mikroskopla baxmaq lazımdır ki, bilək, həqiqətən də “Karvan”ın futbolçusu qaydanı pozub, ya yox? Maraqlıdır ki, VAR-da oturan Elçin Məsiyev də epizodla bağlı Cabbarova heç nə demədi.

“Sumqayıt” – “Qarabağ” matçında da bəsit sarı vərəqənin nəyə gətirib çıxardığını gördük. 60-cı dəqiqədə Rayan Senhadjı özü də istəmədən Ağdam klubunun oyunçusu Montielin üzünə əli ilə toxunur. Fərid Hacıyevin göstərdiyi sarı vərəqə ikinci olur və “Sumqayıt” meydanda azlıqda qalır. Halbuki həmin epizodda sarı vərəqəsiz də keçinmək olardı. Çünki Senhadji aşkar şəkildə dirsəklə rəqibin üzünə zərbə endirməmişdi. Ümumiyyətlə, hiss olunurdu ki, Fərid Hacıyev oyunun tempini tutmaqda çətinlik çəkir, hətta deyədim ki, sürətlə ayaqlaşa bilmir. “Sumqayıt” meydanda azlıqda qalanda hesab 2:1 qonaqların xeyrinə idi. Əslində Saşa İliçin komandası axıra qədər tam heyətlə mübarizə aparsaydı, bu, “Napoli” səfəri öncəsində “Qarabağ” üçün də yaxşı olardi.

9100  azarkeşin izlədiyi sürətli, baxımlı matça Fərid Hacıyevin yersiz qərarı kölgə saldı. Görək, bu turdan sonra De Blekerin açıqlaması necə olacaq?

Bənzər xəbərlər