Yevlaxda korlanan bayram
Azərbaycan Premyer Liqasında komandaların sayı artanda hamımız ürəkdən sevindik, nəhayət ki, bizim çempionatda da 12 klub mübarizə aparacaq.
Amma 12 klublu liqanın özü ilə böyük problemlər gətirəcəyini bilsəydik…
Dünən uzun fasilədən sonra “Karvan” Yevlaxa qayıtdı və doğma azarkeşləri qarşısında “Kəpəz”lə oyuna çıxdı. 4 min azarkeş stadiona gələrək sevilmi komandalarına dəstək verirdilər. Həqiqətən də stadionda əvvəlcə ab-hava əla idi. Lakin oyunun sonlarında yaşananlar heç yaxşı olmadı. Təsəvvür edin, matç gedə-gedə bir uşaq girir meydana, polis işçisi də onun dalınca, onlardan 15-20 metr aralıda da şıdırığı oyun gedir. Hakimin də bundan xəbəri yox. Matçdan sonra isə azarkeşlər meydana butulkalar atıb, “istefa” şüarları səsləndirməyə başladılar. Həmin butulkalar Allah bilir, “Karvan”a neçəyə başa gələcək. Budur uzun fasilədən sonra evə qayıtmağın hədiyyəsi?
Oyunun şedevrlərindən biri də 28-ci dəqiqədə yaşandı. Məşqçilər Vüsal Mənsimovu əvəzləmək istəsələr də, o, meydanı tərk etmədi. Hətta baş məşqçi Azər Həşimov onu fasilədə də dəyişməyə cəsarət etmədi. Düzdür, oyundan sonra A.Həşimov and-aman etdi ki, Mənsimovu zədələndiyi üçün əvəzləmək istəyib və futbolçu oynamaq istədiyini deyib. Amma bütün Yevlax gördü ki, Vüsal zədəli filan deyildi, sadəcə 28-ci dəqiqədə oyunu tərk etməyi özünə sığışdırmadı. Hətta komanda yoldaşları da onu razı sala bilmədilər.
Belə görünür ki, artıq Kənan Kərimov -Azər Həşimov dueti komandanı idarə edə bilmirlər. Kuluarlarda gəzən söz-söhbətə görə, “Karvan”ın vitse-prezidenti olan Kərimov Cavid Hüseynovla görüşüb və ona baş məşqçi postunu təklif edib.







