featured-image-18540

 

“Xəzər Lənkəran”, “Kəpəz” və “Keşlə” (indiki “Şamaxı”) komandalarının sabiq baş məşqçisi, keçmiş SSRİ çempionatında “Neftçi”nin kapitanı olmuş Yunis Hüseynovun Msport.az saytına müsahibəsi

-Uzun illər “Neftçi”nin formasını geyinmisiniz. Bu komanda hər zaman ididalı olub. İndi isə “Neftçi” özünə bənzəmir. Sizcə, səbəb nədir, niyə “ağ-qaralar” heç cür əvvəlki dövrünə qayıda bilmir?
– “Neftçi” kənardan çox bərbad görünür. Komandanın bu halda olmağı mənə pis təsir edir. “Neftçi” hər mövsüm çempionluğa oynayan komanda olmalıdır. Amma indi hər hansı oyun üslubu belə, yoxdur. Meydanda intizamsızlıq hökm sürür. Pərakəndə futbol sərgiləyirlər. Kim harada istəyir, oynayır. “Neftçi” ruhu yoxdur. Meydana çıxanda formanın üstündəki emblemin haqqını vermək lazımdır. Uduzmaq olar, amma meydanda canını qoymalısan. Bunlar isə sanki qələbə istəmirlər, 90 dəqiqənin bitməsini gözləyirlər ki, çıxıb getsinlər. Legionerlərin səviyyəsi yaxşı deyil. Halbuki gələndə “bəh-bəh”lə deyirdilər ki, ay belə yaxşı futbolçulardır, elə səviyyəlidir. Əcnəbi oyunçuların komandaya köməyi dəymir. Legioner yerlidən 1 baş üstün olmalıdır. Bunlar isə sıradan oyunçulardır. Ona görə komanda adi futbol sərgiləyir. Legionerlər komandanı öz arxasınca apara bilmir.
– Sosial şəbəkələri izləyirsiniz?
– Sosial şəbəkə hesablarım olmadığı üçün daxil olmuram. Məndə ancaq “No” və “Yes” düymələridir (gülür). Ürəyim də xəstədir, 2 dənə stend qoyublar. Mikroinfarkt keçirmişəm. Sosial şəbəkələrə girib əsəbləşməkdənsə, olmamaq daha yaxşıdır.
– Son vaxtlar sosial şəbəkələrdə belə bir deyim səslənir: “Neftçi”nin dərdi var, “Neftçi” xəstədir. Bu fikirlərlə razısınız? Ümumiyyətlə, komandanın “xəstəliy”i ilə bağlı diaqnoz qoya bilərsiniz?
– Xəstə deməzdim, amma problemlər çoxdur. Bunları aradan qaldırmaq lazımdır. Bir sözlə, komanda bərbad oynayır.
– “Neftçi”nin Azərbaycan Kubokunda “Zirə”yə 0:1 hesablı məğlubiyyətini necə şərh edərdiniz?
– Açığı, oyuna baxıb əsəbiləşdim. Əvəzetmələr yersiz idi. Legionerlərdən Kenni Sayef nisbətən irəlidə nəsə edə bilir. Götürüb Azər Salahlını çıxardır, Sayefi çəkir müdafiənin soluna. Kim harda istəyir, oynayır. Bu, nə futboldur? Komanda bir qol buraxan kimi oyun nizam-intizamı pozulur. “Neftçi”yə yaraşan oyun oynamırlar.
– Bilirəm ki, həmkarlarınız haqqında danışmağı xoşlamırsınız. Amma bu sualı verməliyəm: Laurentsiu Regekampf “Neftçi” səviyyəsində baş məşqçidir?
– Bu barədə nəsə deyə bilmərəm. Hər məşqçinin öz səviyyəsi var. Regekampf Rumıniyada nəticə vermiş mütəxəssisdir. Bu gün “Neftçi”nin tanınmış məşqçiyə ehtiyacı da yoxdur. Xosep Qvardiolanı gətirəsi deyillər ki? Komandaya yaxşı legionerlər seçmək lazımdır. Taktikaya uyğun futbolçular alınmalıdır. Komandanı düzgün şəkildə qurmaq lazımdır.
– Deməli, problem həm də seleksiyadadır…
– Əlbəttə. Səviyyəli legionerlər gətirsəydilər, yaxşı komanda qurulardı. Futbolçular 90 dəqiqə öz mövqelərində oynamalıdır. Qol buraxandan sonra kim harda gəldi oynamamalıdır.
– Sizə elə gəlmir ki, “Neftçi”də meydanda liderlik keyfiyyətləri yüksək olan oyunçu çatışmır. Düzdür, Emin Mahmudov səviyyəli oyunçudur. Amma sanki liderlik keyfiyyətləri aşağıdır…
– Emin yaxşı futbolçudur, hər oyun meydanda can qoyur. Bacardığını edən oyunçudur. Amma lider kimi komandanı bir az toparlaya bilmir. Kənarda baş məşqçidir, meydanda kapitan. Sarğını daşıyan futbolçu bir az sərt olmalıdır. Yeri gələndə futbolçulara qışqırmalıdır ki, meydanda özlərini yaxşı tərəfdən göstərsinlər. Bu, “Neftçi” komandasıdır. Futbolçular bunu dərk etməlidir. Legionerlər bunu anlamır. Amma yerlilər hansı komandada oynadıqlarını başa düşməlidir. Yusuf Laval –  yeni gələndə hamı onu tərifləyirdi. Görürsünüzmü, artıq o da yoxa çıxır.
Onda belə çıxır ki, baş məşqçidə də günah var. Futbolçu əvvəlki səviyyəsində çıxış etmirsə, bu, birbaşa baş məşqçinin məsuliyyətidir…
– Bilirsiniz necədir? Bunu əvvəl də demişəm: “Neftçi”də əvəzlənən futbolçu meydana daxil olana “bozarır”. Bu komandada hörmət-izzət yoxdur. Kollektiv daxilində birlik olmalıdır. Əksinə, əvəzlənən oyunçu komanda yoldaşına dəstək olmalıdır. Bura ailədir. Küsürlər ki, məni meydandan niyə çıxarırsan? Əvəzlənməlisən də. Əvəzolunmaz futbolçu var? Bütün bunlar üst-üstə gələndə böyük problemə çevrilir.
-Çıxış yolunu nədə görürsünüz? Nə məsləhət verərdiniz?
– Guya məsləhət verənə qulaq asırlar ki? “Neftçi”də 15 il futbol oynamışam, bunun 9 ilini kapitan olmuşam. Amma bir gün də bu komandada işləməmişəm. Söhbət orada baş məşqçi olmaqdan getmir. Məni “Neftçi”yə heç yaxın qoymurlar. Çıxış yolunu nədə görürəm? Ciddi dəyişikliklər olmalıdır.
– Dəyişiklikdən söz düşmüşkən, Müşahidə Şurasındakı son yeniliklər nə vəd edir?
– Düşünürəm ki, yeni gələnlər bu işə daha ciddi yanaşacaqlar. Fikrimcə, son dəyişikliklər yaxşı gələcək vəd edir.

Bənzər xəbərlər