"Zaqatala" Premyer Liqada iştirakla bağlı müraciət etməyib" - Elxan Məmmədov
AFFA-nın icraçı vitse prezidenti Elxan Məmmədov “Şamaxı” – “Neftçi” oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
– Gözəl andır. “Şamaxı” bu gün burada ilk oyununu keçirdi. Bizim strategiyamıza uyğun olaraq növbəti illərdə də Premyer Liqada daha çox bölgə komandalarını görəcəksiniz. Hazırda lisenziyalaşdırma prosesi gedir. Artıq müraciətlər gəlib. May ayında müvafiq qərar qəbul olunacaq. Bu günkü oyunda sevindirici hal odur ki, stadion dolu idi. Əminəm ki, növbəti oyunlarda da azarkeşlərin sayı çox olacaq.
– Oyunla bağlı fikirləriniz necədir?
– Maraqlı oyun keçdi, azarkeşlər qollar gördü. Sevindirici haldır ki, ev sahibi komanda ilk qolu vurdu. Bu, futboldur. Bölgəyə futbolun qayıtması xoş haldır. Əminəm ki, futbol coğrafiyası genişlənəcək.
– Lisenziyalaşdırma Komitəsinə hansı bölgələrin komandalarını müraciətləri daxil olub?
– Hazırda “Turan Tovuz” və “Kəpəz”in müraciəti daxil olub.
– “Zaqatala” bildirir ki, çempionatda yaxşı çıxış edirik, Premyer Liqada oynamaq istəyirik…
– Hər klub müstəqildir və müraciət edə bilər. Lakin “Zaqatala” klubu müraciət etməyib.
– Müraciətlər çox olsa, komandaların sayı artırıla bilər?
– Strategiyamıza uyğun olaraq Premyer Liqaya iki komandanın gəlməsini planlaşdırırıq. Növbəti illərdə komandaların sayının artmasını düşünürük. Biz qeyri-peşəkar yanaşsaq, dərhal 6 komandanı Premyer Liqaya daxil edə bilərik. Amma bu, stabil olmayacaq. Ona görə də stabil şəkildə inkişaf edək.
– Növbəti mövsümdə Premyer Liqaya yüksələn komandaların sayı ikidən az ola bilər?
– Təbii ki, risklər hər zaman böyükdür. Riskləri azaltmaq üçün katiblik bu işə baxır.
– Misli şirkəti ilə anlaşma nə yerdədir?
– Daim danışıqlar aparılır. Ümumi böyük bir layihə düşünürük. Bununla bağlı məlumat veriləcək. Hazırda əsas məqsədimiz növbəti mövüm Premyer Liqada 10 komandanın olmasıdır. Futbolun İnkişafı Fondu da maksimum futbolumuza dəstək verəcək.
– Deyilənə görə növbəti mövsüm şirkət tərəfindən bütün klublara maliyyə ayrılacaq. Bu, nə dərcədə doğrudur?
-Bununla bağlı bir neçə il əvvəl də müxtəlif qurumlara layihə təklif etmişdik. Hazırda da davam etdirilir. Əvvəlcədən nəsə deməyim. İstəyirəm ki, müsbət cavablar alaq.
– Millinin qarşıdakı Millətlər Liqası oyunlarından nə gözləyirsiniz?
– Təbii ki, hər oyunda 3 xal gözləyirəm. Təəssüf ki, yoldaşlıq oyunlarında komanda yaxşı oyun nümayiş etdirmədi. Rsəmi oyunlarda ancaq qələbə gözləyirik (sportal.az).