“Zirə” Lüksemburq millisinin futbolçusu ilə anlaşdı
Yay fasiləsində “Sabah”dan ayrılan Vinsent Tillin karyerasını “Zirə”də davam etdirəcəyi böyük ölçüdə dəqiqləşib.
Msport.az xəbər verir ki, Lüksemburq millisinin oyunçusu qəsəbə təmsilçisi ilə müqavilənin bütün şərtlərini razılaşdırıb.
25 yaşlı yarımmüdafiəçinin bir neçə variantı olsa da, Bakıdakı yaşayışından məmnun qalan Till “Zirə”nin təklifini müsbət cavablandırıb. Rəşad Sadıqovun çalışdırdığı komandanın avrokuboklarda iştirakı və Premyer Liqanın iddialı komandalarından olması hücumameyilli oyunçunun seçiminə böyük təsir göstərib.
Lüksemburq mətbuatı bu dəyişikliyi Tillin karyerasında irəliləyiş kimi qələmə verib. Vurğulanıb ki, milli üzvü ötən mövsüm “Sabah”la ölkə kubokunu qazansa da, “Zirə” hazırda “Qarabağ”dan sonra Azərbaycanın ən güclü ikinci komandası hesab edilir.
“Zirə” Tillin karyerasında 9-cu komanda olacaq. O, “Sabah”dan əvvəl Fransada “Mets”, “Pau”, “Orleans”, Portuqaliyada “Nasional”, Ukraynada “Vorskla”, İsveçdə “Orebro” və AİK-də çıxış edib.