"Zirə" və "Sabah"dan darmadağın, "Sumqayıt" evdə büdrədi
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Sumqayıt”, “Zirə” və “Sabah” bu gün II təsnifat mərhələsində ilk oyunlarını keçiriblər. Msport.az xəbər verir ki, “Sumqayıt” Mehdi Hüseynzadə adına şəhər stadionunda Macarıstanın “Fehervar” komandasını qəbul edib. Meydan sahibləri 20-ci dəqiqədə Səbuhi Abdullazadənin qolu sayəsində hesabı açıb. Lakin 32-ci dəqiqədə Murad Xaçayev qırmızı vərəqə alıb. Bundan yararlanan “Fehervar” iki qol vuraraq, 2:1 hesablı qələbə qazanıb.
“Zirə” “Dalğa Arena”da Slovakiya kollektivi “Dunayska Streda”nı böyük hesabla məğlub edib. 29-cu dəqiqədə Rafael Utziq, 31-ci dəqiqədə Martins Junior rəqibi məyus ediblər. Davit Volkov 51 və 53-cü dəqiqələrdə fərqlənərək, dubla imza atıb. Nəticədə “Zirə” 4:0 hesabı ilə qalib gəlib.
“Sabah” isə Macarıstanda İsrailin “Makkabi” (Hayfa) klubunun qonağı olub. Kişvarda şəhərinin eyniadlı stadionunda baş tutan matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah”ın heyətində qolları 61-ci dəqiqədə Pavol Şafranko, 78-ci dəqiqədə Cesse Sekidika və 88-ci dəqiqədə Xəyal Əliyev vurublar.
Qeyd edək ki, “Sumqayıt” cavab oyununu iyulun 31-də, “Sabah” və “Zirə” isə avqustun 1-də keçirəcəklər.