featured-image-23649

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa çıxacaq. “Gent”lə matç öncəsində Ağdam klubunun düşərgəsində ciddi itkilər var. Tofiq Bəhramov adına stadionda Leandro Andradeyə mükəmməl qol ötürməsi verən Yankoviç zədəlidir, müdafiənin dirəklərindən sayılan Kevin Medina isə cəzalı olduğu üçün səfər qarşılaşmasını da buraxacaq. Lakin ilk görüşdə Bəhlul Musatafazadə və Bədavi Hüseynov əla oynadılar və Medinanın yoxluğu o qədər də hiss olunmadı. Əsas itki kimi məhz pik formada olan vaxt sıradan çıxan Yankoviçi qeyd edə bilərik.

Amma iş orasındadır ki, Belçika təmsilçisinin zədəliləri “Qarabağ”dan da çoxdur. Hətta mətbuat konfransında baş məşqçi Heyn Vanhazebruk yarı zarafat, yarı gerçək dedi ki, “Avropada kifayət qədər oyunçumuz olduğu təəssüratını yaratmaq üçün heyətə bir neçə gənc futbolçu cəlb etmişik”.

Vanhazebruk Qurban Qurbanovun son çempionat matçında 11 futbolçudan 9-a istirahət verməsini də həsrətlə vurğuladı. Çünki onun belə imkanı olmayıb.

Bütün nüansları nəzərə alanda Azərbaycan çempionu “Gent”lə görüşün favoriti hesab olunmalıdır. Belçikalılar Bakıda pis təsir bağışlamasalar da, çərçivə istiqamətinə 1 dəqiq zərbə belə endirə bilmədilər. Şeydayev penaltini qola çevirsəydi, Ağdam klubu “Gelamko Arena”dakı duelə daha rahat çıxa bilərdi. Lakin bəlkə də komandanın arxayınlaşmaması üçün belə daha yaxşıdır. 1:0-lıq hesabdan sonra futbolçular məsuliyyətli olacaq, rəqibə ciddi yanaşacaqlar.

“Gent” düşərgəsi “Qarabağ”ın Avropa Liqası səviyyəsində komanda olduğunu deyir. Həqiqətən də Azərbaycan çempionu “Nant”, “Olimpiakos” üzərində parlaq qələbələr qazananda əla formada idi. Etiraf etmək lazımdır ki, indiki komanda həmin dönəmdəkindən xeyli geri qalır. İlk görüş göstərdi ki, “Qarabağ” hələ istənilən formanı yığmayıb. Amma birinci oyundan sonra bir həftəlik müddət Azərbaycan komandasının xeyrinə yaramalıdır. Əminəm ki, “Qarabağ” Gentdə Bakıdakından daha hazrlıqlı olacaq.

“Qarabağ”ın əlinə Konfrans Liqasında 1\8 finala yüksəlmək üçün əla imkan düşüb. Bu həm prestij, həm də maddi qazanc deməkdir. Əgər “Viktoriya Plzen” və ya “Nant”la səfər matçlarındakı kimi rəqibə verilən “hədiyyələr” olmasa, “Gent”in Ağdam klubunu keçəcəyinə inanmıram.

Yaxşı imkandır və bunu dəyərləndirmək lazımdır. 1\8 finalda görüşənədək!

AYXAN 

Bənzər xəbərlər