featured-image-13302

Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Zirə” ilə oyunda (7:1) poker etdi. 20 yaşlı forvard 28 dəqiqəyə rəqib qapısına 4 dəfə yol tapdı. Bu, həm də cari mövsümün ilk pokeri idi.

Azərbaycan çempionatları tarixində ən gənc poker edən futbolçu kim olub? Kiçik araşdırma nəticəsində məlum oldu ki, 1996/97-ci illər mövsümündə “Turan”da oynayan Nadir Nəbiyev 16 yaşında rəqib qapısına 4 dəfə yol tapıb. 7 dekabr 1996-cı ildə Tovuzda keçirilən “Turan” – “Şəmkir” qarşılaşması meydan sahiblərinin 8:0 hesablı qələbəsi ilə başa çatıb. Sonralar millimizə cəlb olunacaq Nəbiyev 1980-ci il iyulun 18-də anadan olub.

Hazırda “Turan Tovuz”un idman direktoru olan Nəbiyev Msport.az  açıqlamasında 26 il əvvəl baş tutmuş qarşılaşmanı belə xatırladı: “Düzü, oyunun nə vaxt olduğunu da indi tam xatırlamıram. Amma yadımdadır ki, Tovuzda “Şəmkir” üzərində 8:0 hesabı ilə qələbə qazanmışdıq. Həmin oyunda komandamızın 4 topunu mən vurmuşdum. Yadımda qalan odur ki, heyətdə ən gənc futbolçu mən idim. Komandanın özəyini tovuzlu uşaqlar təşkil edirdi. Digər rayonlardan çox az futbolçular var idi.

Sevindirici haldır ki, Musa Qurbanlı da 4 top vurdu. Ümid edirəm ki, qarşıdakı oyunlarda daha çox qol vurar və Azərbaycan futboluna çox xeyir verər. Nəinki, Musa digər gənclərdən də qollar, parlaq oyun gözləyirik”.

Bənzər xəbərlər