featured-image-22367

Azərbaycan Premyer Liqasında 21-ci tur geridə qaldı. Bu həftə “Qarabağ”ın çempionatda 3-cü heç-heçəsi qeydə alındı. Qurban Qurbanovun komandası bərbad qazonda “Kəpəz”lə görüşdə xeyli əziyyət çəkdi və 1:1 hesablı bərabərliklə ayrıldı, Gəncədən. İnsafən qeyd edək ki, meydan sahibləri daha istəkli, daha motivasiyalı idilər. “Qarabağ” səfər matçında aparıcı müdafiəçisi Bəhlul Mustafazadəni də itirdi. Yox, millimizin üzvü zədələnməyib, o, sarı vərəqə aldı və cəzalı duruma düşdü. Bu isə o deməkdir ki, Bəhlul gələn tur “Sabah”a qarşı oynaya bilməyəcək.

Yeri gəlmişkən, “Sabah” da “Qarabağ” önünə aparıcı müdafiəçisi olmadan çıxacaq. Con İrasabal “Səbail”lə görüşdə qırmızı vərəqə aldı və Ağdam klubu ilə matçda meydanda olmayacaq. Hərçənd ispaniyalı futbolçunun cəzalanması bir az qəribə oldu. İnqilab Məmmədov əvvəlcə “Sabah”ın oyunçusuna sarı vərəqə göstərsə də, VAR-dakı həmkarlarının təkidi ilə monitora baxmağa getdi və cibindən qırmızı çıxardı. Düzdür, pratakolda rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə yazılsa da, hadisə demək olar ki, meydanın mərkəzində baş vermişdi. Üstəlik, “Sabah”ın digər futbolçusu artıq Zakpaya çatırdı. Belə vəziyyətdə qırmızı vərəqə xeyli şübhəli göründü. Bu qələbədən sonra “Sabah” lider “Qarabağ”la xəl fərqini 5-ə endirdi.

Ötən tur “Qəbələ”yə 3 qol vuran Murad Musayevin komandası bu dəfə “Səbail”in qapısından 4 cavabsız top keçirdi. “Sabah”ın irəli xəttində olan futbolçular – Kaşuk, İsayev, Mikkels və Volkov çox təhlükəlidirlər.

“Səbail”ə gəlincə, Şahin Diniyevin komandası hələ ki ümid vermir. “Dənizçilər” Masazırda bütün komponentlərdə rəqibdən geri qaldılar.  Diniyev 2-ci hissədə futbolçularının daha yaxşı oynadığını desə də, əsl səbəb “Sabah”ın artıq əvvəlki kimi intensiv hücumlar etməməsi idi.

“Neftçi” yenə də yaxşı oynamadığı matçdan 3 xal çıxarmağı bacardı. “Ağ-qaralar” öz meydanlarında “Sumqayıt” üzərində qələbə əldə etdilər – 2:0. Laurentsiu Regekampfın komandası “Zirə” ilə matçda olduğu kimi qollardan birini stadart vəziyyətdən vurdu. Bu dəfə künc zərbəsindən sonra Salamon Kvirkveliya başla fərqləndi. “Sumqayıt”la görüşdə yeni transfer Mateus Saldanya “Neftçi” formasında ilk qolunu vurdu. Həmin epizodda braziliyalı hücumçu Elvin Bədəlovla mübarizədən qalib ayrıla bildi.

“Turan Tovuz” Premyer Liqada 9 oyundan sonra qələbə qazandı. Qərb klubu son dəfə oktyabrın 28-də öz meydanında “Sumqayıt”ı minimal hesabla məğlub etmişdi. Ayxan Abbasovun komandası əsas rəqiblərindən biri “Şamaxı”nı səfərdə yendi. “Turan” indi bu komandanı 4 xal qabaqlayır.

4-cü yer uğrunda mübarizə aparan “Zirə” və “Qəbələ”nin oyununda qalib müəyyənləşmədi. Bu dəfə də “qırmızı-qaralar”ın dadına “sehirli çubuq” Ülvi Osgəndərov çatdı. Sonradan meydana daxil olan hücumçunun əla ötürməsindən sonra Felipe Santos komandasına 1 xal gətirən qolu vurdu. Amma bu heç-heçəyə görə yəqin ki, “Zirə” daha çox razı qalmalıdır. Rəşad Sadıqovun komandası “Qəbələ” ilə aralarındakı 5 xallıq fərqi qoruya bildi.

AYXAN 

Bənzər xəbərlər