featured-image-31004

Bu gün Azərbaycan kubokunun qalibi məlum olacaq. Bir tərəfdə titula son ümid yeri kimi baxan “Neftçi”, digər tərəfdə avrokuboklara hansı heyətlə gedəcəyi bəlli olmayan “Qəbələ”. Daha bir məsələ isə Elmar Baxşıyevin növbəti mövsüm əyalət klubunda qalıb-qalmayacağının bilinməməsidir. Psixoloji baxımdan “qırmızı-qaralar” oyuna 0:1 geridə çıxacaqlar. Amma  “Qəbələ” üçün itiriləcək heç nə yoxdur. Qonaqlar uduzsalar belə, bu ciddi uğursuzluq sayılmayacaq. “Neftçi” kuboku ala bilməyəcəyi halda isə fiasko hesab olunacaq, baş məşqçi Laurentsiu Regekampfın, hətta rəhbər şəxslərin istefasına gətirib çıxara bilər.

Finalın iştirakçılarını xəttlər üzrə müqayisə edək, görək ortaya nə çıxır.

QAPI XƏTTİ

“Neftçi”: İvan Brkiç – “Qəbələ”: Səlahət Ağayev, Kristof Atanqana

“Qəbələ”də final oyununda çərçivənin kimə həvalə olunacağı bəlli deyil. Səlahətin səhvlərindən dolayı baş məşqçi son matçlarda Atanqanaya şans verirdi. Lakin “Kəpəz”lə Premyer Liqanın axrıncı turunda ispaniyalı qolkiper də inamsız təsir bağışladı. Ona görə də biz yenidən qapıda Səlahəti görə bilərik. İstənilən halda “Neftçi”nin qapı xətti daha ağır gələr. Xorvatiyalı futbolçu böyük məqsədlər üçün tələblərə cavab verməsə də, hər halda “Qəbələ”nin qapıçılarından yaxşıdır.

MÜDAFİƏ XƏTTİ

Neftçi: V.Stankoviç, S.Kverkveliya, H.Haqverdi, A.Əliyev (Ö.Buludov) – “Qəbələ”: R.Renato, M.Musayev, M.İsayev, İ.Qırtımov.

Adlar baxımından “Neftçi”nin müdafiəsi daha güclü görünə bilər. Millimizin üzvü Höccət Haqverdi, Gürcüstan yığmasında oynayan Kverkveliya, illərin təcrübəsi Stankoviç, zəngin Rusiya karyerası olmuş Azər Əliyev. Amma bu ilk baxışdan belədir. Əslində isə “ağ-qaralar”ın iki mərkəz müdafiəçisi – Kverkveliya ilə Stankoviç çox ağırdır.

“Qəbələ”nin cinah müdafiəçilərindən Məqsəd İsayev bəlkə də ən yaxşı mövsümünü keçirir. Ruanın ola bilsin ki, “qırmızı-qara” formada son oyunu olsun. Ona görə də braziliyalı müdafiəçi əlindən gələni edəcək. Qırtımovun əsas üstünlüyü isə rəqibin ayaq qoyan yerə başını qoymaqdan qorxmamasıdır. İllərdir ki, məhz bu keyfiyyətinə görə məşqçilər onu öz komandalarına dəvət edirlər. Məncə, “Qəbələ”nin müdafiə xətti meydan sahiblərindən daha yaxşı təsir bağışlayır.

DAYAQ YARIMMÜDAFİƏÇİLƏRİ

“Neftçi”: E. İsrafilov, A.Caber – “Qəbələ”:  İ.Alimi, E.Səfərov

Bu mövqedə “Qəbələ” aşkar şəkildə rəqibindən geri qalacaq. Çünki qonaqların heyətində Ferras Abu Akal və Asif Məmmədov zədəli olduqlarından komandalarına kömək edə bilməyəcəklər. Gənc Emil Səfərov milliyə dəvət alsa da, təcrübəsi yetərincə deyil, həm də dayaq yarımmüdafiəçisi mövqeyi onun üçün bir qədər yaddır.

“Neftçi”də isə Eddi İsrafilov kimi önəmli silah var. O, olmadığı matçlarda paytaxt klubu çox əziyyət çəkirdi. Ataa Caber də yarımmüdafiənin vacib simalarından biridir.

VİNGERLƏR

“Neftçi”: K.Lebon,  K.Sayef – “Qəbələ”: F.Santos, R.Utrix

Bu mövqedə hansı komandanın üstün olduğunu müəyyənləşdirmək çətindir. Sayef oyunları bölür və bütün matçlarda tam gücü ilə çxış etmir. Hər halda bu gün finaldır və Kenni var-gücünü qoymağa çalışacaq. Hələ ki Lebon da potensialını tam şəkildə göstərə bilməyib.

“Qəbələ”də həm Utrix, həm də Felipe Santos üçün son qarşılaşma ola bilər. Rafael onsuz da çoxdan komandadan ayrılmaq istəyir, Felipeni də saxlamaq əyalət təmsilçisi üçün çətin olacaq.

HÜCUMUN ARXASI

“Neftçi”: E.Mahmudov – “Qəbələ”: Ə.Allaş

Allaş “Qəbələ”yə tez uyğunlaşdı, adaptasiya baxımından çətinlik çəkmədi. Lakin qarşı tərəfdə “Neftçi”nin lideri, döyünən ürəyi Emin Mahmudovdur. Eminin “Neftçi”də qalacağı sual altındadır. Ona görə klubdan kuboku qazanaraq getməyə çalışacaq. Mahmudov bu mövqedə Azərbaycan Prenyer Liqasında bəlkə də ən yaxşı oyunçudur.

HÜCUM

“Neftçi”: M.Saldanya – “Qəbələ”: R. Maçado

Mövsümü birmənalı keçirməyən Ramon Maçado keçmiş komandası ilə görüşdə özünü göstərməyə çalışacaq. Braziliyalı hücumçu bir yaxşı oyunla çox şeyi unutdura bilər.

Saldanya yeni gələndə daha yaxşı təsir bağışlayırdı. O da vaxt keçdikcə eynən digər komanda yoldaşları kimi geriləməyə başladı. Ümumiyyətlə, “Neftçi”də nə problemdirsə, gələn-gələn ancaq geriyə gedir.

ELNUR MƏMMƏDLİ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bənzər xəbərlər