49 il sonra gələn uğursuzluq
“Mançester Yunayted” doğma meydanda gözlənilməz məğlubiyyətə üzülüb.
Msport.az xəbər verir ki, “qırmızı şeytanlar” İngiltərə Liqa Kubokunun 1/16 finalında “Brayton”la qarşılaşıb.
“Old Trafford”da keçirilən görüşdə meydan sahibləri 2:3 hesabı ilə məğlub olublar. Qarşılaşmaya sürətli başlayan mankunianlar artıq 10-cu dəqiqəyə qədər iki qol vuraraq hesabda önə keçiblər. Lakin “Mançester Yunayted” üstünlüyünü qoruya bilməyib. Bu, klubun 1976-cı ildən bəri “Old Trafford”da iki top fərqi ilə öndə olduğu oyunda ilk məğlubiyyətidir.
“Mançester Yunayted” sonuncu dəfə 1976-cı ilin sentyabrında belə vəziyyətlə üzləşib. Həmin vaxt komanda İngiltərə çempionatında “Tottenhem”ə 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, “Brayton”a məğlubiyyətdən sonra “Mançester Yunayted” Liqa Kubokunda mübarizəni dayandırıb.







