featured-image-22276

“Neftçi” bu mövsüm qeyri-sabit çıxış etməkdə davam edir. “Ağ-qaralar” 21-ci turda “Sumqayıt” üzərində qələbə (2:0) qazansa da, meydan sahiblərinin parlaq oyun göstərdiyini deyə bilmərik. Laurentsiu Regekampfın komandası ilk qolu standart vəziyyətdən, ikincini isə Elvin Bədəlovun kobud səhvindən sonra vurdu. “Sumqayıt”ın mərkəz müdafiəçisi Mateus Saldanya ilə təkbətək mübarizəni uduzdu, braziliyalı forvard isə əlinə düşən imkanı boşa vermədi.

“Neftçi”nin “Sumqayıt”la oyunu bazar günü axşam saat 18:30-da olsa da, matçı cəmi 500 azarkeş izlədi. Əslində bu, protokolda göstərilən rəqəmdir, reallıqda “Bakcell Arena”ya daha az  tamaşaçı toplaşmışdı. Fanatların bir qismini isə polis hələ 1-ci hissənin gedişində stadiondan uzaqlaşdırdı. “Neftçimania” azarkeş qrupunun üzvləri “Neftçi”ni tərk elə, Mahmudov” şüarları səsləndirdikdən sonra arenadan çıxarıldılar.

Bəzən baş məşqçilər, azarkeşlər oyunların erkən saatlarda keçirilməsindən gileylənirlər. Hətta azarkeşlərin az gəlməsini bununla bağlayanlar da olur. Lakin “Neftçi”nin “Sumqayıt”la görüşü göstərdi ki, fanatlar komandadan inciyəndən sonra vaxtın elə bir önəmi yoxdur. Ölkənin ən köklü klubunun oyununa bazar günü axşam saatlarında vur-tut, 500 nəfər gəlirsə, buna görə “Neftçi” özünü qınamalıdır. Deməli, azarkeş komandaya inanmır, sabaha ümidlə baxmır.

Maraqlıdır Çingiz Abdullayevin 500 rəqəmindən xəbəri var? Axı o, klubun Müşahidə Şurasının (MŞ) sədri olarkən deyirdi ki, “xahiş edəcəm, Bakı Olimpiya Stadionunu bizim ixtiyarımıza versinlər”. Çingiz müəllim heç olmasa aradabir üzümüzə təbəssüm gətirən açıqlamalar versə də, MŞ-nin hazırkı rəhbəri Rövşən Nəcəfin hələ ki səsini eşitməmişik. O, “Neftçi”yə niyə gəldi? Komandanın çıxışı barədə nə düşünür? “Neftçi” niyə transferlərdə “Qarabağ”a uduzur? Klubun büdcəsi nə vaxt artırılacaq? Hə, bu suallaın hamısını Rövşən bəyə vemək olardı, amma… Görünür həmkarlarımız axırda ondan da virtual müsahibə almalı olacaqlar.

“Bakcell Arena”ya gələnlərin sayı isə günü-gündən azalır. Bəlkə xərci azaltmaq üçün “Neftçi” ev oyunlarını elə gedib Bakıxanovda – Təlim-Məşq Bazasında keçirsin?

AYXAN 

 

Bənzər xəbərlər