featured-image-13972

“Azərbaycan derbisi”ndən gözlədiyin həzzi aldın” sualı verilsə, müsbət cavab verməyə çətinlik çəkəcəm. Məncə, “Qarabağ” -“Sabah” oyunu daha maraqlı, daha gərgin, daha zövqoxşayan keçmişdi.

Sosial şəbəkələrdə yazılan ümumi fikirlərlə, dostların rəyləri ilə razılaşmamaq mümkün deyil – “Neftçi” 1-ci hissəni pis oynamadı. Amma iş orasındadır ki, hələ FİFA futbol matçlarının vaxtının azadılması ilə bağlı hər hansı ciddi təklifi götür-qoy etmir. Bir az da belə davam etsə, “Neftçi” bununla bağlı müvafiq qurumlara müraciət edə bilər.

“Qarabağ”la dünənki görüş bir daha göstərdi ki, hazırkı “Neftçi” 55-60 dəqiqəlik komandadır. Əslində buna görə yığmaların oyunları ilə bağlı yaranan fasilə dövründə keçmiş həyat yoldaşı ilə yumruqlaşan Laurentsiu Regekampfı da tam ittiham etməyə adamın dili gəlmir. Ən azı ona görə ki, “ağ-qaralar” ehtiyat qüvvə baxımından “Qarabağ”la heç Suraxanın “pereyezd”inə kimi rəqbət apara bilməz.

“Regekampfın bu məğlubiyyətdə günahı yoxdur” desək, ən pis halda İsmayıl Zülfüqarlının ahı bizi tutar. Rumıniyalı məşqçi “Qəbələ” ilə matçda ona qələbə gətirən 21 yaşlı futbolçunu 64-cü dəqiqədə meydana buraxıb 86-da heç bir əsas olmadan əvəzlədi.  Bunun səbəbini yəqin ki, heç o, özü də bilmir.

Digər tərəfdən Regekampfın əsas heyətdə mərkəz müdafiəçisi kimi güvəndiyi Mbodju 68-ci dəqiqədə Zubir elə aldadıb qol vurdu ki,  sanki Premyer Liqa matçına yox, “Azfar”ın xalı sahəsində şirkətlərarası turnirə baxırıq. Baş məşqçi isə deyir ki, “Mbodj çempionatdakı fasilə dövründə üzərində çox çalışdı, həftə ərzindəki məşqlərə əsasən belə qərar verdim”. İş orasındadır ki, Regekampf həftə ərzindəki məşqlərə görə bu cür qərar verə bilər, biz isə Mbodju artıq 3 ildir ki, tanıyırıq, nəyə qadir olduğunu yaxşı bilirik.

Digər tərəfdən “Neftçi”nin baş məşqçisi deyir ki, Salomon Kverkveliya Gürcüstan millisinin düşərgəsindən yeni gəlmişdi, bu səbədən ona heyətdə şans vermədim. Halbuki Salomon Şimali Makedoniya yığması ilə matçda 90 dəqiqə oynasa da, Cəbəllütariqlə qarşılaşmada ehtiyada qaldı. Halbuki Emin Mahmudov millimizdə hər iki qarşılaşmada start heyətində meydana çıxmışdı. Bir az dərinə getsən, Regekampf da Rumıniyaya gedib əvvəlcə dava edib, sonra övladının xaç suyu mərasiminə qatılıb xeyli güc sərf edib qayıtdı.

Dünən bir daha şahid olduq ki, Kenni  Sayef nəinki 90, heç 70 dəqiqəlik də oyunçu deyil. Bəli, adamın əla texnikası var, meydanı görməyi superdir, amma Sayef 55-ci dəqiqədən sonra sadəcə gəzir.

Bayaqdan elə bir ucdan “Neftçi”dən danışırıq deyə, “Qarabağ”da hər şeyin ideal olduğunu düşünməyin. Qurban Qurbanovun komandası I hissəni çox zəif keçirdi. Böyük ehtimalla Ağdam klubu paytaxt təmsilçisi ilə qarşılaşmaya rahat, arxayın çıxmışdı. Ümid edək ki, “ağ-qaralar”la oyunda yol verilən səhvlər “Olimpiakos”la matçda təkarlanmayacaq. Əks halda Qurbanovun komandasının Yunanıstan səfərində işi çox çətin olcaq.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər