featured-image-24287

AFFA İntizam Komitəsi (İK) hər həftə bizi təəcübləndirməkdə davam edir. “Sabah”ın U-19 komandasının baş məşqçisi Iqor Ponomaryova verilən 1 oyunluq diskvalifikasiya açıqlananda məlum olur ki, Olimpiya çempionu artıq cəzasını çəkib və “azaddır”.

Hərdən də İK-nın ikibaşlı qərarlarının şahidi oluruq. “Qarabağ” – “Neftçi” oyununda (1:1) Ağdam klubunun qapıçısı Luka Quqeşaşvili azarkeşlərin meydana atdığı petardanı tribunaya tərəf tulladı. Az qalmışdı ki, “ağ-qaralar”ın bayrağı yansın və bu, qonaq komandanın fanatlarını özlərindən çıxardı. Kevin Medina və Qara Qarayevin gəlib üzr istəməsi vəziyyətin bir qədər sakitləşməsinə səbəb oldu. Həm də polislər “Neftçi” azarkeşlərini stadiondan çıxardılar. Təsəvvür edin, gürcü qapıçının atdığı fişəng azarkeşlərdən birinə dəysə, nə baş verərdi?! Bu zaman kütləvi dava-dalaşın, ictimai asayişin pozulmasının qarşısını heç nə almayacaqdı. İş o yerə çatdı ki, həmişə təmkinini qoruyan Qurban Qurbanov da həmin anda Lukaya çox əsəbləşdi və bunu bütün stadion gördü.

Bu gün isə AFFA İntizam Komitəsi Quqeşaşviliyə yalnız 3 oyunluq şərti cəza verir. Gürcüstanlı oyunçuya şərti cəzaya görə üç ay sınaq müddəti təyin edilib. Az qala böyük davaya, “Neftçi” bayrağının yanmasına səbəb olacaq adama şərti cəza? Başa  düşürəm, İK-nin üzvləri çox ürəyi yumuşaqdırlar, amma daha bu qədər də yox da. Sanki İK-da oturanlar Şahruddin Məhəmmədəliyevin zədəli olduğunu nəzərə alaraq “Qarabağ”ı təkcə Amin Ramazanovun ümidinə qoymaq istəməyiblər.

23-cü turda “Sabah” – “Turan Tovuz” (0:2) oyununda meydan sahiblərinin baş məşqçisi Murad Musayev hakimə emosional formada etiraz edir, meydandan çıxmırdı. İş o yerə çatmışdı ki, Boyan Letiç məşqçisini sakitləşdirməyə çalışırdı. Musayevin söyüşünün də biri bir qəpikdən. Düzü həmin hadisədən sonra güman edirdim ki. rusiyalı mütəxəssisə 5 oyun cəza verilər. Amma bizim xeyirxah İK Musayevi cəmi 2 matçlıq cəzalandırdı. Özü də bu “Sabah”ın çalışdırıcısının cari mövsümdə 2-ci qırmızı vərəqəsi idi.

Sadəcə xatırlatma üçün qeyd edim ki, 2021-ci il kubokun yarımfinalında “Zirə” – “Keşlə” görüşündən sonra meydan sahiblərinin məşqçisi Eltun Yaqublu texniki zona qaydalarını pozub hakimi təhqir etdiyi üçün 10 oyunluq cəza almışdı.

Yəni Musayev “Turan Tovuz”la qarşılaşmada referi Kamal Umudlunu təhqir etmədi?

AYXAN 

Bənzər xəbərlər