featured-image-15264

“Neftçi”nin prezidenti Kamran Quliyev 2020/2021 mövsümündəki çempionluqdan sonra söz verdiyi mükafatı komandadan ayrılan futbolçulara ödəməyib.

Bu barədə Msport.az saytına açıqlamasında “ağ-qaralar”ın sabiq futbolçusu Ahmed Ahmedov məlumat verib.

Həmin mövsümün ikinci yarısını icarə əsasında paytaxt klubunda keçirmiş türk əsilli bolqarıstanlı hücumçu bildirib ki, Quliyev “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri sonuncu tur oyunundan sonra bütün komanda üzvlərinə mükafat vədi versə də, sözünün üstündə durmayıb:

“Sonradan eşitdim ki, “Neftçi”də qalanlara mükafat ödənilib, gedənlər isə yada düşməyib. Ona görə də hazırda klubda Quliyevdən başqa, hamı ilə yaxşı münasibətim var”.

“Qarabağ”la matçda “Neftçi”yə çempionluq gətirən qolun müəllifi olan 27 yaşlı forvard həyatda puldan daha vacib şeylərin olduğunu söyləyib: “Əsas odur ki, çox gözəl çempionluq yaşadıq. Yaxşı dostlar qazandım”.

Qeyd edək ki, Ahmed Ahmedov hazırda Bolqarıstanın “Slaviya” (Sofiya) klubunda çıxış edir.

Bənzər xəbərlər