featured-image-23503

“Neftçi” qış fasiləsindən sonra doğma divarlar arasında 3 oyun keçirib. “Ağ-qaralar” 20-ci turda “Zirə” (1:0), 21-də “Sumqayıt” (2:0) və 22-də isə “Səbail”lə (3:0) qarşılaşıblar. “Neftçi”nin evdəki nəticələri pis olmasa da, nədənsə, azarkeşlər komandanın görüşlərinə elə də maraq göstərmirlər.

“Bakcell Arena”da “Zirə” ilə matçı 700, “Sumqayıt”la görüşü 500, “Səbail”lə qarşılaşmanı isə 600 tamaşaçı izlədi. Orta hesabla hər matça 600 nəfər. Bu onu göstərir ki, azarkeşlər komandaya inanmırlar, indiki rəhbərlik və Regekampfdan ciddi gözlənti yoxdur. “Neftçi”nin lider “Qarabağ”dan 13, 2-ci yerin sahibi “Sabah”dan isə 5 xal geri qalması fanatlara da təsir göstərib. Onlar da anlayır ki, komandanın hətta 2-ci yeri tutması belə, möcüzə olardı.

“Bakcell Arena”ya gələn azarkeşlərin sayının azalması ilə bağlı “Neftchi Baku fan page” səhifəsi izləyicilərə “Oyunlara niyə getmirsiz, komandanın nəticələrinə, yoxsa biletlərin qiymətinə görə” sualını ünvanlayıb. Qeyd edək ki, bəzi azarkeşlər ayrı-ayrı vaxtlarda “biletlərin qiymətinin 2 manat olmasından gileylənsələr də, bu dəfə böyük əksəriyyət sərf nəticələrə görə, stadiona getmək istəmədiklərini vurğulayıblar.

Rüfət Ağayev: “Qiymət nədir e, sırf oyuna, rəhbərliyə görə boykot eləmişəm”.

Nihad Hacıyev: “Söhbət bilet pulundan getmir. Normal oyun yoxdur ki, gedək baxaq. Uduzmaqdan da getmir söhbət. Cəhənnəm il ərzində 4 dəfə “Qarabağ”la oyunda ikisində udub, ikisində uduzsan rəqabət olar, maraq yaranar. Hansı ki, o marağı “Sabah” yaradıb bu dəqiqə. Bizimkilər 3:0 udanda da adamın ürəyi sıxılır. Elə bilirsən ki, zornan udublar”.

Ramil Əkbərov: “Normal transferlər, məzmunlu oyun olsa, adam gəlib baxar. Çox yorucu futbol oynayırlar”.

Nicat Şamxaloğlu: Vallah, oyun oyun deyil. Oynadığı oyuna görə nəinki 2 manat ,1 manat da bahadır”.

Fərhad Allahverdiyev: “Ramanadan gecənin vaxtı manatlıq taksi ilə durum gəlim “Bakcell”ə ki, “Qarabağ” 4-6 dənə qoyacaq, sonra da qayıtmağa taksi axtarım? Üstəlik, biletə verdiyim pulu da rəhbərlik basıb yesin”.

Orxan Şirinov: “Neftçi” ölüb, basdıranı lazım. Bu dəqiqə “Neftçi”dən başqa 9 klub hamısı bizdən yaxşı və maraqlı oyun göstərir”.

Vüqar Məmmədov: “Zaman olub Sumqayıtdan gəlib “Bakcell Arena”da çempionat oyunlarına baxmışam. Tariximizə hörmət qoymayanı dəstəkləmək olmaz. Bircə adı təsəllimdir – “Neftçi”

AYXAN 

Bənzər xəbərlər