"Azərbaycanda böyük pullar dövr etdiyindən..." - "Spartak"ın sabiq baş məşqçisi
“Spartak”ın sabiq baş məşqçisi Andrey Çernışov Azərbaycan – Qazaxıstan oyununa proqnoz verib.
Msport.az xəbər verir ki, yığmamız Millətlər Liqası çərçivəsində son oyununu sabah Bakıda Qazaxıstana qarşı keçirəcək. Maqomed Adiyevin komandası qrupda 1-ci yeri təmin etdiyindən “Dalğa Arena”dakı matç formal xarakter daşıyır. Vaxtilə Qazaxıstanda “Akjayık” klubunda da işləmiş Çernışov Azərbaycanda böyük pulların olduğunu deyib:
“Rəqibin kimliyinə baxmayaraq, öz meydanında oynayan istənilən komanda qalib gəlmək istəyir. Qazaxıstan qrup qalibidir, keyfiyyətli futbol göstərir və bütün rəqiblərini məğlub edir. Amma Azərbaycanda böyük pullar dövr etdiyindən və bu idman növü inkişafda olduğundan həmişə qarşılarına ambisiyalı məqsədlər qoyurlar. Komanda doğma publika önündə qrupun ən güclüsü üzərində qalib gəlməyə çalışacaq. Azərbaycanlılar qrupda mümkün qədər yüksək yer tutmağa çalışacaqlar, ona görə də maraqlı oyun olacaq.
Qazaxıstan millisinin qrupda birinci olması məni təəcübləndirdi. Çünki son vaxtlar bu komanda öz nəticələri ilə azarkeşləri sevindirə bilmirdi. Artıq elə fikir formalaşmışdı ki, bu komanda Avropanın autsayderlərindən birinə çevrilir. Hərçənd ki, ölkədə kifayət qədər yaxşı yerli oyunçular var, səviyyəli legionerlər gəlir, klubların maliyyə imkanları genişdir.
Qazaxıstan komandasının məşqçisini tanıdığımdan bilirəm ki, heç də oyuna başdansovdu yanaşmayacaqlar. O, ambisyalı və intizamlı məşqçidir. Turnir cədvəli nöqteyi-nəzərdən heç bir əhəmiyyət kəsb etməyən bu oyuna komandasını yaxşı hazırlaşdıracaq. Adiyev imkan verməz ki, futbolçular əllərini yanlarına salıb gəzsinlər. Fikirləşirəm ki, məhsuldar heç-heçə olacaq. Komandalar hücum futbolu göstərməyə çalışacaqlar. Risk edib deyə bilərəm ki, oyun 2:2 başa çatacaq.