Banişevskinin doğum günüdür - Onun adını daşıyan yeganə stadion isə...artıq yoxdur - FOTOLAR
Bu gün Azərbaycan futbolunun parlaq siması Anatoli Banişevskinin doğum günüdür. “Neftçi”nin əfsanəsi 23 fevral 1946-cı ildə Bakıda anadan olub.
Onun haqqında kifayət qədər yazılıb, danışılıb, ona görə də yenidən uzun-uzadı bildiyiniz faktları təkrar etmək istəmirəm. Sadəcə onu deyim ki, əfsanəvi hücumçu 18 yaşında Braziliya ilə oyunda SSRİ yığmasının heyətində debüt edib. O, SSRİ-nin əsas komandasında 50 matçda meydana çıxıb 20 qol vurub. 1966-cı il dünya çempionatının, 1968 Avropa çempionatının yarımfinalçısı olub. 1972-ci ildə qitə çempionatının gümüş medalını qazanıb.
Qeydsiz-şərtsiz Banişevski Azərbaycan futbol tarixinin ən yaxşısıdır. “Neftçi” azarkeşləri Banyanı hə zaman bir əfsanə kimi xatırlayırlar və oyunlardında yad edirlər.
Vaxtilə Masallı şəhər stadionu fenomenal futbolçunun adını daşıyırdı. O zamanlar Azərbaycan futbolunda “Viləş” adlı komanda yüksək liqada çıxış edirdi. “Viləş” dağıldıqdan sonra Masallı stadionu da qara günlərini yaşamağa başladı. Bir neçə ildir ki, idman obyekti özəlləşdirilib və hansısa sahibkarın şəxsi mülkiyyətinə çevrilib. Xarabalığı xatırladan məkana baxanda burda nə vaxtsa stadionun olduğu, “Neftçi”, “Qarabağ” kimi komandaların meydana çıxdığına heç kim inanmaz.
Msport.az Banişevskinin doğum günündə Azərbaycanda onun adını daşıyan yeganə stadionunun – Masallı şəhər stadionun fotolarını təqdim edir. Qeyd edək ki, bu fotolar 2023-cü il yanvarın 22-də çəkilib.
AYXAN












