featured-image-13137

“Sumqayıt” ən pis mövsümlərindən birini keçirir. “Gənclər şəhəri” təmsilçisi 7 oyundan sonra 3 xal toplayıb və cəmi 1 qol vurub, onu da penaltidən. Müqayisə üçün deyim ki, ötən mövsüm “Sumqayıt” 7 oyuna 7 xal yığmışdı. 2020-2021-də 14, 2019-2020-də 7, 2018-2019-da isə komanda 10 xal toplamağı bacarmışdı. Yəni, Baqanın “Sumqayıt”ı son 4 mövsümdə ən pis nəticəni göstərir.

Belaruslu mütəxəssis “Qəbələ”yə uduzduqları (0:1) qarşılaşmadan sonra da komandasında qlobal problemlərin olmadığını bildirib. Həqiqətən mənə maraqldır, Baqa “qlobal problem” deyəndə nəyi nəzərdə tutur? Yer üzərindəki nüvə təhlükəsini? Xəzərin suyunun azalmasını?  Ya bəlkə Belarusda kartof istehsalının aşağı düşməsini?

“Sumqayıt”ın baş məşqçisi ilə klubun prezidenti Riad Rəfiyevin də münasibətləri soyuyub. Klubun rəhbəri gözləyir ki, Baqa bütün bu uğursuzluqlardan sonra özü istefa verib getsin. Baqa isə dirəşib, daş qayaya rast gəlib. Belə görünür ki, onu çıxarmasalar, özü heç nə deyən deyil. Görünür, belaruslu məşqçi həm də bu yolla mətbuata, futbol ictimaiyyətinə incə mesaj ötürməyə çalışır ki, “heyəti mən qurmamışam, bu uğursuzluqda mənim qədər klub prezidentinin də günahı var”.

Rəfiyev isə indiki məqamda Baqanı istefaya göndərməyə risk etmir. Həm kompensasiya məsələsi var, həm də gənc rəhbər reputasiyasının korlanmasını istəmir. Qorxur ki, onun haqqında “iki gündən bir məşqçı çıxarır” imici formalaşar.  Onsuz da bilirik ki, Rəfiyev vaxtilə atası Rasim bəyin prezident olduğu “Neftçi”yə rəhbər getməyi çoxdan arzulayır.

Artıq xeyli vaxtdır ki, “Sumqayıt”ın Samir Abasovla danışıqlar aparmasına dair xəbərlər yayılıb. Rəfiyev gözləyirdi ki, Baqa özü istefa verəcək və rahat şəkildə Abasovu baş məşqçi postuna gətirəcək. Lakin belaruslu mütəxəssisin müqavimət göstərməsi onun planlarını alt-üst edir.

“Sumqayıt” gələn tur öz meydanında “Kəpəz”i qəbul edəcək. Əgər həmin oyunda da xal itkisi baş versə, məncə, azarkeşlərin, medianın təzyiqi ilə Rəfiyev bu addımı atmalı olacaq.

CAVİDAN 

 

Bənzər xəbərlər