featured-image-22268

“Qəbələ” qış fasiləsindən sonra 3 oyundan ikisində heç-heçə edib, birində uduzub.  “Zirə” ilə matçda 78-ci dəqiqədə Felipe Santos fərqlənə bilməsəydi, yəqin ki, “qırmızı-qaralar” sonuncu matçda da məğlub olacaqdı.  Amma həmin epizodda braziliyalı futbolçu qədər ona gözəl ötürmə verən Ülvi İsgəndərov da alqışa layiqdir.  Bu mövsüm 4 qol vuraran 25 yaşlı hücumçu İsnik Alimidən sonra komandanın ən sərrast oyunçusudur. Lakin nəzərə alaq ki, şimali makedoniyalı yarımmüdafiəçi 6 qoldan beşini penaltidən vurub.

Ülvi isə dörd qolun hamısında meydana sonradan daxil olduqdan sonra rəqib qapısına yol tapıb.

Maraqlıdır ki, “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev hələ də İsgəndərova əsas heyət oyunçusu kimi baxmır. O, 21 oyunun yalnız birində hücumçuya start heyətində şans verib. Ülvi 19-cu turda Gəncədə “Kəpəz”la görüşdə (2:2) fərqlənərək komandasına 1 xal gətirdikdən sonra növbəti həftə “Sabah”la ev oyununda ilk dəqiqələrdən meydanda oldu.  Aydın məsələdir ki, “Qəbələ”nin “Sabah”a 0:3 hesabı ilə uduzduğu görüşdə bütün komanda zəif oynamışdı. Orda kimi isə ittiham etmək, günahlandırmaq doğru olmazdı. Lakin dünən “Zirə” səfərində İsgəndərov yenidən ehtiyatda qaldı. 65-ci dəqiqədə oyuna daxil olan futbolçu bundan 13 dəqiqə sonra qol ötürməsi verdi.

Halbuki Baxşıyev heç də yaxşı formada olmayan Omran Hanini (ümumiyyətlə, iordaniyalı legioner bu mövsüm potensialından aşağı çıxış edir) ilk dəqiqələrdən meydana buraxır.  Hani vinger olsa da, cari çempionatda qol hesabını aça bilməyib. Eyni sözləri Roman Maçadoya da aid etmək olar. “Neftçi”nin sabiq hücumçusuna böyük ümidlər bəslənilsə də, o, “Qəbələ”də gözləniləni vermir. Braziliyalı forvard bu mövsüm cəmi 2 qol vura bilib. Lakin o da İsgəndərovdan çox şans əldə edir.

Baş məşqçi ən azı Ülvinin “Qəbələ” yetirməsi olmasına fikir verə bilər. Vaxtilə Roman Qriqorçuk klubun yetirmələrini az oynatmaqda ittiham edilirdi. İndi baş məşqçi postunda yerli mütəxəssisdir, o, niyə belə addım atır? Kiməsə xüsusi güzəşt göstərilməsindən söhbət getmir, Ülvi oyunu ilə əsas heyəti haqq etdiyini çoxdan göstərib.

AYXAN  

 

Bənzər xəbərlər