featured-image-14674

“Zirə”nin belçikalı hücumçusu Loris Bronyonun Msport.az saytına müsahibəsi

– Son turda “Şamaxı”nı çətinliklə məğlub etdiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
– Çox yaxşı oyun keçirdik. Üstünlük bizim tərəfimizdə idi və çoxlu qol şansımız oldu. Düşünürəm ki, bu mövsüm bizim üçün ən yaxşı oyunlardan biri idi. Bu cür davam etmək istəyirik.

– “Zirə” Premyer Liqada ardıcıl 2 oyunda qələbə qazandı. Deyəsən, komanda yavaş-yavaş özünə gəlir…
– Düzdür, start bizim üçün bir az çətin alındı. Amma artıq balansı tapmışıq və daha yaxşı oynayırıq. Bu, növbəti matçlar üçün üstünlükdür.

– Avrokuboklarda mübarizəni dayandırandan sonra komanda sanki yerli çempionata adaptasiya olmaqda çətinlik çəkirdi. Bunun səbəbini nədə görürsünüz?
– Bəhanə gətirmək istəmirəm. Avrokuboklara hazırlıqla əlaqədar mövsümə erkən başladıq. Konfrans Liqasındakı çıxışımız istədiyimiz kimi alınmadı. Bundan sonra isə Azərbaycan Premyer Liqası başladı. Dediyim ki, mövsümün əvvəli bizim üçün uğursuz oldu.

– Elə mən də məhz bu qeyri-stabil çıxışın səbəbini soruşuram…
– Öz futbol üslubumuzu meydanda sərgiləyə bilmirdik. “Zirə” adətən dominantlıq etməyi xoşlayır. Bütün oyunlarda topu saxlamağı və qol şansları yaratmağı sevirik. Sadəcə, işlər istədiyimiz kimi getmədi.

– Belçika və Niderland çempionatlarında oynamasınız. Azərbaycan futbolu ilə bu ölkələrin çempionatları arasında uçurum çoxmu böyükdür?
– Fərq o qədər də böyük deyil, Belçika və Hollandiyada 2 fərqli rəqabət, 2 fərqli oyun tərzi var. Azərbaycanda isə başqa oyun üslubuna üstünlük verilir. İstənilən halda hər bir vəziyyətə uyğunlaşmalıyıq.

– Bakıda özünüzü necə hiss edirsiniz?
– Bakıda özümü çox yaxşı hiss edirəm, bu şəhəri sevirəm. Yaxşı vaxt keçirmək üçün hər şey var. Ailəm və mən burada xoşbəxtik.

– Belçika və Niderlandda oynamış futbolçunun Azərbaycan futboluna uyğunlaşması çətin olmadı?
– Mənim üçün ölkəni dəyişmək və yeni oyun tərzinə uyğunlaşmaq hər zaman böyük çağırışdır. Yeni oyun tərzi kəşf etməyi xoşlayıram və hər dəfə uğur qazanmaq istəyirəm.

– Yeri gəlmişkən, Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində Belçika ilə eyni qrupa düşdü. Yığmanızla oyunlarda 1 faiz də olsa, xal qazanmaq şansımız varmı?
– Belçikanı Azərbaycana qarşı oyunda görmək xoş olacaq. Yerli komanda yoldaşlarımla zarafatlaşa bilərəm. Azərbaycan millisi son 2 oyunda qalib gəlib, bu, mental baxımdan yaxşıdır. Belçika yığması böyük oyunçulara malikdir və bir neçə ildir yüksək səviyyədə çıxış edir. Sadəcə, titul qazana bilmirik. Bu il dünya çempionu olacağımıza ümid edirəm. O ki qaldı xal qazanmaq məsələsinə, futbolda hər şey mümkündür.

– Sizcə, Azərbaycan qrupu hansı sırada bitirə bilər?
– Ümid edirəm ki, 2-ci pilləni tutacaqsınız. Hər şeyi zaman göstərəcək.

Bənzər xəbərlər