Belçika millisinin sabiq üzvü "Qarabağ"ı daha şanslı sayır
Belçika milli komandasının sabiq futbolçusu Mark Deqriz “Gent”in “Qarabağ” qarşısında şansını dəyərləndirib.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə Azərbaycan çempionu evdə “Gent” üzərində minimal hesablı qələbə qazanıb.
“Brügge”, “Anderlext”, “Gent” kimi klublarda çıxış etmiş Deqriz Konfrans Liqasında Belçikanın digər təmsilçisinin növbəti mərhələyə yüksəlmək ehtimalının daha çox olduğunu deyib. Onun sözlərinə görə, səfərdə “Ludoqorets”ə 0:1 hesabı ilə uduzan “Anderlext” “Gent”dən şanslı görünür:
“Hər ikisi evə eyni hesablı məğlubiyyətlə qayıdır. Lakin mən “Anderlext”in 1\8 finala çıxacağına daha çox inanıram”.
57 yaşlı mütəxəssisin sözlərinə görə, “Gent” Bakıda böyük hesabla uduza bilərdi: “Azərbaycanlıların qol vurmaq üçün imkanları çox idi. “Gent” isə hücumda çox iş görə bilmədi. Vanhazebruk elə nəticə istəyirdi ki, bir həftə sonra evdə cütün taleyini həll edə bilsin. İndi o, bunu əldə etdi. Lakin “Qarabağ”ı keçmək üçün onlar bütün güclərini ortaya qoymalıdırlar.
“Gent”in oyunçuları təşəbbüsü öz əllərinə almalıdırlar. Lakin “Qelamko Arena”da daha diqqətli olmaq gərəkir. “Qarabağ”ın futbolçuları şans əldə etsələr, yaxşı olmayacaq”.
AYXAN







