featured-image-31065

Bir neçə gün öncə “top-5 liqalardan futbolçu gətirəcəyik”, “daha fərqli “Neftçi” görəcəksiz” deyən Kamran Quliyev final fitindən sonra nə vəziyyətdə idi, yəqin ki, təsəvvür edirsiniz. Klub prezidenti kimi yanlışları nəticəsində “ağ-qaralar” ən uğursuz mövsümlərindən birini keçirdi.

Mövsümü titulla başa vurmaq üçün son ümid kubok idi. Amma dünən “Neftçi” “Qəbələ” qarşısında aciz qaldı. Yəqin ki, yenə hər şey təkrar olunacaq. Baş məşqçi istefaya göndəriləcək, futbolçular dəyişdiriləcək. Bir topa oyunçu gedib, yerinə başqa dəstə gələcək. Transferlərə ətək-ətək pullar xərclənəcək. Düzü bilmirəm, Kamran Quliyev bu dəfə kimisə qurban verə biləcəkmi? Amma onun bu sarıdan yetərincə təcrübəsi var. Vaxt olub, Roberto Bordini, Samir Abasovu, Ceyhun Sultanovu rahat şəkildə xərcləyib. İndi də bəlkə növbə Zaur Əzizovundur?

Bütün “Neftçi” azarkeşləri, futbol ictimaiyyəti başa düşür ki, bu prezidentlə heç nəyə nail ola bilməyəcəklər. İki-üç gün əvvəl Quliyev mətbuat konfransında dedi ki, “Laurentsiu Regekampfın komandadakı gələcək taleyi kubokdan asılı olmayacaq”.

Maraqlıdır, indi rumıniyalı mütəxəssisə münasibət necə olacaq? Regenin hələ bir illik müqaviləsi var. O, gələn gündən heç cür özünü işə kökləyə bilmədi. Gah keçmiş xanımı ilə yaranan problemlər, gah Rumıniyadan gələn təkliflər. Əslində Rege bu fiaskodan sonra üzüsulu getməlidir. Amma təkcə o yox, Kamran Quliyevlə birgə. Onsuz da Quliyev bir gecənin içində bir klubu digərinə dəyişməyi bacarır.  Necə ki, “Sumqayıt”dan bir günün içində “Neftçi”yə prezident gəldisə, indi də o cür “Səbail”ə, ya, nə bilim, “Kəpəz”ə çox da çətinlik çəkmədən göndərə bilərlər.

Bu hələ fiaskonun ilk hissəsi idi. Qarşıda isə Konfrans Liqası var. Yəqin ki, bu uğursuzluğun davamı orda da gələcək. Bu komanda yayda bir mərhələ keçsə, böyük şeydir. Heyif, səndən “Neftçi”.

AYXAN 

Bənzər xəbərlər