featured-image-24037

“Qarabağ”ın yeni transferi Yassin Benzia zədələnib. 28 yaşlı yarımmüdafiəçi Konfrans Liqasının pley-off mərhələsinin “Gent”lə cavab matçında sıradan çıxıb. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin sözlərinə görə, futbolçuda əzələ yırtıqları aşkarlanıb və o, 4-5 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Onsuz da Benzia “Qarabağ”a gəldikdə ideal formasından xeyli uzaq idi. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da dəfələrlə qeyd etmişdi ki, yarımmüdafiəçinin idman formasını bərpa etməyə çox vaxt lazım gələcək. İndi də 4-5 həftəlik zədə. Belə görünür ki, heç deyəsən, “Qarabağ” Benziadan istədiyini ala bilməyəcək.

Əlcəzair əsilli futbolçunun Türkiyənin “Hatayspor” klubunda çox qalmamasının səbəbi də zədə olub. Benzia 2021-ci ildə Hatay təmsilçisinə icarə əsasında gəlsə də, cəmi 12 oyunda forma geyinərək komandadan ayrılmışdı. Halbuki həmin vaxt “Hatayspor”un baş məşqçisi olan Ömer Erdoğan yarımmüdafiəçidən razı olduqlarını, onunla müqaviləni uzatmaq istədiklərini demişdi. Görünür, qəfil zədə onların da fikirlərini dəyişib.

O, həm də Fransa Liqa-1-də ən çox zədələnən futbolçuların reytinqində ilk “20-liy”ə düşüb. Benzia Fransada olduğu müddətdə ümumilikdə 6 dəfə zədələnib və 434 gününü buna həsr edib. Bu səbəbdən 53 oyunu buraxıb.

Benzia “Qarabağ”a gələndən 4 oyunda forma geyinib və heç bir görüşdə 90 dəqiqə meydanda olmayıb. O, ən çox 58 dəqiqə “Zirə” ilə çempionat matçında (1:0) çıxış edib.  “Gent”lə Bakıdakı görüşdə 12, səfərdə 41, “Sabah”la qarşılaşmada (1:1) isə 11 dəqiqə şans əldə edib.

AYXAN 

 

Bənzər xəbərlər