"Bir müsəlman kimi bunu hörmətsizlik sayıram" - Lamin Yamal
İspaniya millisinin və “Barselona”nın üzvü Lamin Yamal İspaniya – Misir yoldaşlıq oyunu (0:0) zamanı azarkeşlərin davranışını tənqid edib.
Msport.az xəbər verir ki, Barselonada keçirilən görüşdə yerli fanatlar “Kim tullanmasa, müsəlmandır” şüarını səsləndiriblər:
“Mən də müsəlmanam. Stadionda “kim tullanmasa, müsəlmandır” şüarı səsləndirildi. Başa düşürəm ki, bu, şəxsən mənə yox, rəqibə yönəlmiş şüar idi. Amma bir müsəlman kimi bunu hörmətsizlik sayıram. Başa düşürəm ki, bütün azarkeşlər belə deyil, stadionda dindən istehza kimi istifadə etmək özünü cahil və irqçi göstərməkdir. Futbol insanları kim olduqlarına görə təhqir etmək deyil, əylənmək və dəstək olmaqdır.
Buna baxmayaraq, bizi dəstəkləməyə gələnlərə təşəkkür edirəm. Dünya çempionatında görüşənədək”.
Xatırladaq ki, “Kornelya El Prat” stadionunda keçirilən görüşün 20-ci dəqiqəsində fanatların bir hissəsi “kim tullanmasa, müsəlmandır” şüarini səsləndirib. Bundan sonra bir çox azarkeşlər tribunalarda tullanıb-düşməyə başlayıblar.







