"Bizim üçün çox vacib qələbə idi" - Qurban Qurbanov
“Qarabağ” Azərbaycan Premyer Liqasının 7-ci turunda “İmişli”yə 2:0 hesabı ilə qalib gəlib.
Msport.az xəbər verir ki, Yevlaxda keçirilmiş qarşılaşmadan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçı dəyərləndirib:
-Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Onlar çox əziyyət çəkdilər, çox intizamlı oyun qurmağa çalışdılar. Qarşımızda çox yaxşı, kompakt müdafiə olunan komanda var idi. Səbirli olmaq lazım gəlirdi. Bunu da bacardılar. Futbolçularımı təbrik etdim. Azarkeşləri də təbrik etmək istəyirəm. 1000-ci çempionat oyununda iştirak etdilər. Elə azarkeş var ki, bəlkə də 1000 oyunumuzun hamısında iştirak edib. Xeyli azarkeş gəlmişdi. Bu görüşdə qalib gələrək, onların əziyyətini dəyərləndirdik. Çalışacağıq ki, qarşıdakı matçlara daha ciddi hazırlaşaq. Fərid Namazova və komandasına uğurlar arzulayıram.
–– Milli fasilədən sonra komandaya yeni qoşulan və zədədən qayıdan futbolçuların bərpa və adaptasiya prosesi necə gedir?
– Hələ ki tam keçməyiblər. İstər-istəməz çatışmazlıq var. Çünki 20 günə yaxın bir müddətdə heyətin böyük hissəsi komandadan ayrı düşmüşdü, zədəli oyunçularımız var idi. Lakin çox istəkli və məsuliyyətli şəkildə hazırlaşırlar. Yaxşı idman formasını bərpa etmək üçün zamana ehtiyac var. Amma hamısından razıyam. Onların çox istəkli və peşəkar olduğunu görürəm.







