Böyük Dəbilqə: Səfərov bürünc medal uğrunda yarışacaq
Türkiyənin Antalya şəhərində start götürən cüdo üzrə Böyük Dəbilqə turnirində bu gün millimizin 7 üzvü mübarizəyə qoşulub.
Msport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/16 finalda Felipe Dakruza (Livan) qalib gəlsə də, növbəti görüşdə Angelo Pantano (İtaliya) ilə bacarmayıb.
Eyni çəkidə yer alan Rövşən Əliyev ilk qarşılaşmada Dilşot Xalmatov (Ukrayna) üzərində qələbə qazanıb. Lakin 1/8 finalda Dilşodbek Baratovla (Özbəkistan) dueldən məğlub ayrılan idmançı mübarizəni dayandırıb.
66 kq-da Yaşar Nəcəfov təsnifatda Adonis Diasdan (ABŞ) güclü olsa da, növbəti raundda Denis Vieruya (Moldova) uduzub.
Bu çəkidəki digər cüdoçumuz Orxan Səfərov isə ardıcıl olaraq İsayya Ramires (ABŞ), Abubakr Şerov (Tacikistan) və Strahinya Bunçiçi (Serbiya) yenərək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda Villian Limaya (Braziliya) ipponla uduzub. Səfəov bürünc medal uğrunda görüşdə Tal Flikerlə (İsrail) qarşılaşacaq.
Qadınların yarışında 48 kq-dakı Şəfəq Həmidova startda Andrea Stoyadinova (Serbiya) məğlub olub. Leyla Əliyeva isə ilk görüşdə Aliani Kubkarbonnel Yuliana (Kuba) qalib gəlsə də, 1/8 finalda Mari Di Varqas Leyə (Çili) uduzub.
52 kq-da yarışan Gültac Məmmədəliyeva 1/16 finalda Govhar İrmaqambetovanu (Qazaxıstan) yensə də, növbəti mərhələdə Çelsi Caylsla (Böyük Britaniya) dueldən məğlub ayrılıb.
Qeyd edək ki, yığmanın digər 10 cüdoçusu mübarizəyə 2-3 apreldə qoşulacaq.