Böyük Dəbilqə: Yeddi cüdoçumuz mübarizəyə başlayır
Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək. Bu gün yarışda milli komandamızın 7 üzvü mübarizəyə qoşulacaq.
Msport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov və Rövşən Əliyev yarışa 1/16 finaldan start verəcək. Onlar müvafiq olaraq, livanlı Felipe Dakruz və ukraynalı Dilşot Xalmatovla üz-üzə gələcək.
66 kq-da Yaşar Nəcəfov təsnifatda ABŞ təmsilçisi Adonis Diası, Orxan Səfərov isə 1/16 finalda Sayya Ramires (ABŞ) / Lusian Bors Domitresku (Rumıniya) cütünün qalibini sınağa çəkəcək.
Qadınların mübarizəsində ilk gündə 3 cüdoçu tatamiyə çıxacaq.
48 kq-da Şəfəq Həmidova serbiyalı Andrea Stoyadinovla, Leyla Əliyeva kubalı Aliani Kubkarbonnel Yulianla görüşəcək. Hər iki qarşılaşma 1/16 finala təsadüf edəcək.
52 kq-da mübarizə aparan Gültac Məmmədəliyeva isə bu raundda qazaxıstanlı Qaxar İrmaqambetova ilə görüşəcək.