featured-image-23869

Bu günlərdə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yeni “quş baxışı” fotosu sosial şəbəkələrdə yayıldı. Görünüşə söz ola bilməz, arxa planda dəniz də görsənir, bir sözlə, yeni arena şəhərə əlavə gözəllik verəcək. Yəqin ki, yaxın vaxtlarda idman qurğusunun açılışı olacaq.

Böyük şəhərin tək komandası isə bu gün kiçik stadionda növbəti oyununa çıxdı və çempionatda 14-cü məğlubiyyətini aldı. Özü də Premyer Liqada qalmaq uğrunda əsas rəqiblərindən olan “Kəpəz”dən. Belə matçların əhəmiyyətindən uzun-uzadı danışmağa dəyməz, hamı bilirdi ki, bu, 6 xallıq qarşılaşmadır. “Sumqayıt” Aydın Bayramovun iki kobud səhvi nəticəsində Gəncə klubuna 1:2 hesabı ilə məğlub oldu. Bir vaxtlar milli komandaya kimi yüksələn Bayramov son aylar özünə bənzəmir. 27 yaşlı qolkiper xüsusən də Junior Martinsin topunu çıxırmalı idi. Amma meydan sahiblərinin qapıçısı həvəskar səviyyədə səhvə yol verərək, komandasının xalsız qalmasında önəmli rol oynadı. Aydının bu cür zəif çıxışını məşqçilər korpusu daha yaxşı bilər, amma məncə, əsas səbəblərdən biri rəqabətsizlikdir. “Sumqayıt”ın hazırda iki qolkiperi var – Byramov və gənc İlnur Vəliyev. Bayramov başa düşür ki, nə olur-olsun, yenə də əsas heyətdə özü yer alacaq. Belə rəqabətsizlik şəraitində isə inkişaf etmək, irəli getmək mümkün deyil.

Birdən elə başa düşərsiz ki, “Sumqayıt”ın uğursuzluğu yalnız qapıçı ilə bağlıdır. Əsla, komandanın bu vəziyyətə düşməsində əsas günahkarlar elə prezidentlə baş məşqçidir. Riad Rəfiyev klubu təcrübə poliqonuna çevirib, istədiyi legioneri gətirir, istədiyini yola salır, hələ mən onun milləşdirmə siyasətindəki “xidmətlərindən” danışmıram. İndi də Kamran Əliyevi gətirib və təbii ki, əsas məqsədi yaxın vaxtlarda hücumçunun milliyə çağırtdırılmasına nail olmaqdır.

Samir Abasov isə “Kəpəz”lə matçdan sonra özündən başqa hamıda günah gördü. Sanki komandanın bu cür zəif oynamasının onunla heç bir bağlılığı yoxdur.  “Biz axrıncı yerdə olmağa layiqik”, Premyer Liqadan düşsək, layiqli şəkildə alınacaq” deyən Abasov elə bil öz komandasından yox, başqa klubdan danışır. Çox rahat, arxayın şəkildə.

Təsəvvür edin, şəhərdə o cür müasir, gözəl arena tikilib istifadəyə veririlir, “Sumqayıt” isə elitanı tərk edir, stadionda oynamağa komanda olmur. Mövsümün sonunda bu ssenari gerçəkləşsə, təəccüblənməyin. Düdür, bir məsələ də var ki, bir də gördün yenə sonuncu yeri tutan komanda Premyer Liqanı tərk etmədi. Bura Azərbaycandır, son ana qədər nə baş verəcəyini proqnozlaşdırmaq olmur. Hazırda bilinən  isə odur ki, “Sumqayıt” iri addımlarla sonuncu pilləyə doğru gedir.

AYXAN

Bənzər xəbərlər