Bronza nam! - Ostalnoe vam!
1966-cı il noyabrın 30-da “Spartak”la Lenin adına stadionda (indiki Tofiq Bəhramov) keçirilmiş oyunda qaldırılmış plakatı yəqin ki, hamınız xatırlayırsınız. Məhz bu görüşdən sonra Bakı klubunun SSRİ çempionatlarında ilk və sonununcu medalını qazanması rəsmiləşmişdi. İllər keçdi, “Neftçi” 1966-dakı uğuru təkrarlaya bilmədi.
Deyəsən, ağ-qaralar” bu mövsüm də 1966-da olduğu kimi yalnız bürünc medalla kifayətlənməli olacaq. Laurentsiu Regekampfın komandası 2-ci pillədə olan “Sabah”dan artıq 6 xal geri qalır. “Qarabağ”ın gücü, səviyyəsi hər kəsə bəllidir. Ağdam klubu 10 oyundan sonra 100 faizlik nəticə göstərib və növbəti çempionluğa gedir. “Neftçi” belə vəziyyətdə 2-ci yeri tutmağa borcludur! Lakin “ağ-qaralar” bu mövsüm “Sabah”a hər iki oyunda uduzub.
“Neftçi” dünən yalnız matçın sonlarında rəqib 3 qol vurub rahatlaşdıqdan sonra özünə gəldi. Ümumiyyətlə, ilk belə görüş deyil ki, Regekampfın komandası fasilədən sonra özünə gəlir. “Qəbələ”yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri oyunda da qonaqlar ikinci hissədə “dirilmişdilər”. “Qəbələ” fasiləyə 1:0 öndə yollansa da, ikinci yarının əvvəlində Ataa Caberin iki qolu paytaxt klubuna gətirmişdi.
Elə oyunlar da olur ki, “Neftçi”nin gücü yalnız 50-60 dəqiqə çatır. “Qarabağ”a 1:3 uduzduqları görüşdəki kimi. Həmin qarşılaşmada “ağ-qarlar” Eddinin qolu ilə 24-cü dəqiqədə hesabda önə keçsələr də, 55-dən sonra “yatdılar”.
Regekampf indi zədəlilərin çox olmasını, heyətlə bağlı əziyyət çəkmələrini qabardır. Lakin rumıniyalı məşqçi Azərbaycana gələndə anlamalı idi ki, bu heyət çempionluq, “Qarabağ” və “Sabah”la mübarizə aparmaq üçün yetərli deyil. O başqa məsələ ki, sponsorlar transferlərə yetərincə pul ayırmırlar. “Neftçi” mövsümün əvvəlində Namik Ələskərovu gətirə bilmədi, əvəzində futbolçu əsas rəqibləri “Sabah”a keçdi. Tyaqo Bezerra və Ramon Maçadonun yerinə alınan Donyo çempionatda cəmi 2 qol vurub. Halbuki ötən mövsüm 11 turdan sonra Tyaqo Bezerra 4, Maçado isə 3 dəfə fərqlənmişdi. Donyo isə artıq 6 oyundur ki, rəqib qapılarına yol tapa bilmir.
Milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra “Neftçi” “Qarabağ” və “Sabah”a uduzub, Bakıda “Turan Tovuz”u məğlub edə bilməyib, yalnız Gəncədə “Kəpəz” üzərində çətinliklə əldə edilən qələbə var. Bu həmin fasilə dövrüdür ki, Rege Rumıniyaya yollanıb keçmiş xanımı ilə əlbəyaxa oldu və vətənində qəzetlərin manşetinə çevrildi. Özü də “qadın zorakılığına son” yazısı ilə meydana çıxan komandanın baş məşqçisi!
11 turdan sonra istər-istəməz Samir Abasovun məşhur sitatını xatırlamamaq mümkün deyil. “Neftçi”nin sabiq baş məşqçisi müsahibələrinin birində demişdi ki, mən komandanı çempion etdim və daha sonra 2-ci yeri tutduq. Məndən əvvəlkilər ən yaxşı halda 2-ci olmuşdular. Düzdür, Abasov ötən mövsüm Azərbaycan kubokunu qazansaydı, bəlkə də postunda qalacaqdı. Amma iş orasındadır ki, bu il “Neftçi” gümüş medalı əldə etməyə bilər. Kubokda isə “ağ-qaralar”ı 1\4 finalda “Zirə” gözləyir. Bu gedişlə kubok həsrəti cari mövsümdə də davam edə bilər. “Neftçi” Azərbaycan kubokunu sonuncu dəfə 2014-cü ildə mərhum Böyükağa Hacıyevin dövründə qazanıb.
ELNUR MƏMMƏDLİ