“Bu cür oynasaq, heç kimdən qorxmaq lazım deyil” - Mikels
“Sabah”ın almaniyalı hücumçusu Coy Lens-Mikelsin Msport.az saytına müsahibəsi
– Azərbaycan Kubokunun 1/8 finalında I Divizion təmsilçisi “Qaradağ Lökbatan”ı 5:0 hesabı ilə darmadağın edib mərhələ adladınız. Oyunu necə şərh edərdiniz?
– Səninlə eyni liqada çıxış etməyən komandaya qarşı oynamaq asan deyil. Amma düşünürəm ki, çox yaxşı təsir bağışladıq və növbəti mərhələyə keçdik.
– Növbəti rəqib “Səbail” olacaq. Şansları necə qiymətləndirirsiniz?
– Təbii ki, yüksək. Bu cür oynamağa davam etsək, heç bir rəqibdən qorxmaq lazım deyil.
– “Sabah” bu mövsüm yaxşı təsir bağışlayır. Çempionluq barədə düşünməyə başlamısınız?
– Əslində biz hər oyun irəliləməli və hər matçda 3 xal qazanmağı düşünməliyik. Turnir cədvəlindəki mövqeyimizə isə mövsümün sonunda baxa bilərik
– Premyer Liqada yaranmış fasilə “Sabah”ın yaxaladığı tempə mənfi təsir etməyəcək?
– Əlbəttə, yox. Çünki məşqlərdə yaxşı hazırlaşıb, əzmlə çalışırıq.
– Komanda ilə müqaviləni yenilədiniz. Başqa təklifləriniz var idi? Maraqlıdır, sizi “Sabah”da saxlayan əsas səbəb nə oldu?
– Yeni müqaviləyə görə şadam. Klubun necə inkişaf etdiyini görürəm. Bu mənada, təklifə “hə” demək asan oldu.
– Hazırda 7 xalla bombardirlər siyahısında 3-cüsünüz. Şəxsi nailiyyətlər sizin üçün nə dərəcədə önəmlidir. Bu mövsüm bombardir olmaq istərdiniz?
– Niyə də yox? Amma bu, uzun yoldur və Tanrının köməyi olmadan nəyəsə nail olmaq mümkünsüzdür.
– Yəqin ki, dünya çempionatına baxırsınız. Sizcə, Almaniya niyə uduzdu?
– Açığı, matçı izləyə bilmədim. Çünki eyni vaxtda öz oyunumuz da var idi. Amma əminəm ki, Almaniya mütləq geridönüş edəcək.
– Favoritiniz hansı yığmadır?
– Fransa və Braziliya.