Bu futbolçulara diqqət - 7 tur ərzində parlayan gənclər
Azərbaycan Premyer Liqasında 7 tur geridə qalıb. Bu gün ilk 7 tur ərzində diqqəti cəlb edən gənc futbolçulardan danışacağıq. Düzdür, siyahıya Toral Bayramov, Elvin Cəfərquliyev kimi oyunçuları daxil etməmişik. “Qarabağ”ın üzvləri ötən mövsüm də daim oynayırdılar, odur ki, onları hər kəs yaxşı tanıyır.
Musa Qurbanlı (Qarabağ) – 20 yaş
Musa ötən mövsümdə də pis təsir bağışlamadı. Amma cari çempionatın əvvəlində o, sadəcə “qan edir”. “Qarabağ”ın hücumçusu 7 qolla komanda yoldaşı Ramin Şeydayevlə birgə bombardirlər yarışına başçılıq edir. Hələ ki Qurban Qurbanov avroliqa matçlarında oğluna elə də şans vermir. Millidə isə Musa Qazaxıstanla görüşdə fasilədən sonra Renat Dadaşovun əvəzinə meydana daxil oldu və özünü yaxşı tərəfdən göstərə bildi.
Yusif İmanov (Sabah) – 20 yaş
Hələ ötən mövsümdən Murad Musayev gənc qapıçıya güvənməyə başladı. 2021-2022-ci illər mövsümündə heyətdə millinin qolkiperi Səlahət Ağayev olsa da, rusiyalı mütəxəssis Yusifi oynadırdı. Axırda “Sabah”da əsas qapıçı ola bilməyəcəyini anlayan Ağayev komandadan ayrıldı. Gənc qolkiper cari çempionatda 7 oyunun hamısında 90 dəqiqə meydanda olub. Bəzən təcrübəsizlik özünü göstərsə də, Musayev Yusifi Azərbaycan futboluna qapıçı kimi qazandıra bilib.
Qurban Səfərov (Şamaxı) – 18 yaş
Ötən il Qurban Səfərovu yəqin ki, heç kim tanımırdı. “Şamaxı”nın yalnız yerli oyunçulardan ibarət olması onun da üzə çıxmasına şərait yaratdı. 18 yaşlı futbolçu əyalət klubunun ön xətdə ən fəal futbolçularından biridir. Qurban yalnız bir matçda meydana çıxmayıb ki, onda da U-19-un düşərgəsində olub. Gənc yarımmüdafiəçi 19 yaşlılardan ibarət yığmamızın da əsas simalarındandır. Səfərov “Şamaxı”da bir neçə dəfə fərqlənməyə yaxın olsa da, son anda təcrübəsizlik özünü göstərib. O, “Səbail”lə oyunda (1:1) meydanda ən yaxşılardan idi və zərbəsindən sonra top qapı tirindən qayıtmışdı.
Ceyhun Nuriyev (Sabah) – 21 yaş
“Sabah” kimi geniş heyətə malik olan komandada şans əldə etmək asan məsələ deyil. Lakin Murad Musayev Ceyhun Nuriyevi 7 görüşün hamısında oynadıb. Ceyhun ötən çempionatda da 15 matçda 2 qol vura bilmişdi. Bu il isə hiss olunur ki, baş məşqçi ona daha çox güvənir. İndi yarımmüdafiəçi üçün əsas prioritet bu cür davam edib əsas heyətdə yerini itirməmək olmalıdır.
Elmir Tağıyev (Səbail) – 22 yaş
Mahmud Qurbanov Elmir Tağıyevi yalnız bir matçda “Şamaxı” ilə səfərdəki qarşılaşmada meydana buraxmayıb. Tağıyev “Qarabağ”a 1:3 uduzduqları oyunda komandasının yeganə qolunu vurub. O, əksər görüşlərdə meydana sonradan girsə də, “Səbail”in geniş heyətə malik olduğunu da unutmamalıyıq.
Aleksey Kaşuk (Sabah) – 22 yaş
Kaşuk bu mövsüm “Sabah”a yeni qoşulsa da, onun nəyə qadir olduğunu ötən çempionatdan bilirik. Ukraynalı futbolçu gələn kimi ilk matçda “Qarabağ”ın qapısına yol tapa bildi. “Şaxtyor”un yetirməsi ötən mövsüm qısa vaxt ərzində “Sabah”da 6 oyunda 2 dəfə fərqləndi. Biz hələ qarşıdakı turlarda Kaşukun paytaxt klubuna daha çox xeyir verdiyini görə bilərik.
Rəhman Daşdəmirov (Şamaxı) – 22 yaş
Sol cinah müdafiəçisi “Şamaxı” üçün vacib futbolçulardandır. Daşdəmirov bütün oyunlarda meydanda olub. 2021-2022 mövsümündə cəmi 6 qarşılaşmada şans əldə edən müdafiəçini cari çempionatı kəşflərindən saya bilərik. Ümumiyyətlə, “Turan Tovuz”, “Kəpəz” kimi komandaların Premyer Liqaya qayıtması, “Şamaxı”nın yalnız yerlilərdən ibarət olmasının bir yaxşı cəhəti var ki, Daşdəmirov kimi gənclər indi daha çox forma geyinirlər.
Abdullahi Şuaybu (Kəpəz) – 20 yaş
O, Azərbaycana gələnə qədər Moldova çempionatının aşağı liqasında “Sukleya” klubunda çıxış etmişdi. Şuaybu qısa vaxt ərzində Gəncə təmsilçisinə adaptasiya ola bildi. Nigeriyalı futbolçu artıq “Kəpəz”in heyətində 7 oyunda 2 qol vurub. Şuaybu “Neftçi” və “Şamaxı” ilə matçlarda rəqib qapısına yol tapıb. Əvəllər “Kəpəz”in ucuz qiymətə gətirdiyi legionerlərin sonradan parlayıb başqa klublara keçməsinin şahidi olmuşuq. Dario Federiko, Julien Ebahı xatırlamaq yerinə düşər. Bəlkə Şuaybu da belə oldu?
ELNUR MƏMMƏDLİ