featured-image-35360

Azərbaycan Premyer Liqasının II turunun “Zirə” – “Kəpəz” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Azər Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Futbolçulara oyuna görə təşəkkür etdim. Buna layiq idilər. Çətin olacağını bilirdik. İki fərqli hissə gördük. İlk yarıda “Neftçi” ilə oynadığımız kimi çalışırdıq ki, rəqibi əks-hücumda tutaq. İlk dəqiqələrdə buna nail olsaq da, sonra alınmadı. İkinci hissədə bəzi dəyişikliklər etdik və rəqibin qolundan sonra daha yaxşı təsir bağışladı. Bəzi anlarda “Zirə”dən üstün olduq, amma diqqətsizlikdə qol buraxdıq və uduzduq.

– Yeni transferlər nə vaxt gələcək?
– Transfer ağrılı yerimizdir. Komandada futbolçu kasadlığı görünür. Müasir futbolda maliyyə çox önəmlidir. Biz sırf dövlət tərəfindən ayrılan maliyyə ilə yaşayırıq. Gəncə kimi böyük şəhərin komandasının sponsoru yoxdur. Büdcəmiz imkan verdiyi qədər transfer edirik. Hər transferdə də diqqətli olmağa çalışırıq. Çünki yanlışlıq büdcəmizdə böyük itki deməkdir. Çalışırdıq ki, liqa başlayana qədər transfer edəkamma alınmadı. Bilirdik ki, kasadlıq olacaq. Bu gün də axtarışdayıq, bir neçə oyunçu ilə razılaşırıq. Bəzən Gəncəyə gəlmək istəmirlər, Bakını istəyirlər. Bəzən həyat yoldaşları, ailələri imkan vermir. Ən çox da artıq pul istəyirlər. Büdcəmizə uyğun transfer pəncərəsi bağlanana qədər 3-4 transfer edəcəyik.

– Junior Martins bu gün kölgədə qalmışdı. Fasilədən sonra onu da əvəzlədiz. Mövqe dəyişikliyinin oyununa təsiri var?
– Onu iki matçdır ki, hücumçunun arxasında oynadırıq. Ötən mövsüm sol cinahda çıxış edirdi. Oyunqurucu çox incə yerdir. Ehtiramı da yoldaşlıq görüşündə orada yoxladıq. Ehtiram fərqlidir. “Neftçi” ilə görüşdə cinah müdafiəçisi kimi yerini tapdı. 8 və 10 nömrə tapmadığımıza görə, Junioru orada oynatdıq. Razıyam ki, tam istədiyimiz kimi deyil. Bu mövqe onun üçün yenidir, amma ən yaxşısını etməyə çalışır. “10 nömrə” tapsaq, əvvəlki mövqeyinə qayıdacaq.

– “Kəpəz” rəhbərliyi sponsor danışıqları aparır?
– Rəhbərliymiz, İlqar Nadiri ilə çox vaxt bir yerdəyik. O, “Kəpəz” üçün bacardığından artığını edir. Çox çalışır. Harada olsam da, “Kəpəz”i sevmişəm. Danışıqlar olur, hər yerə əl atırıq ki, sponsor olsun. Mətbuatda da bir neçə şirkətin adı çıxdı. Mənimlə bərabər rəhbərlik də sevinirdi ki, bəlkə həqiqətdir. Amma gördük ki, həqiqət deyil. Güman edirik ki, “Kəpəz” və Gəncə üçün sponsor çıxacaq. Axtarışdadırlar, çalışırlar kimisə cəlb etsinlər.

– Neçə transfer gözlənilir?
– Öz istəyim 6-7 transferdir. Amma maliyyə imkan vermir ki, bu qədər edək. Heç olmasa 3 transfer mütləq lazımdır. Elmir Tağıyev ötən mövsüm 4 oyunluq cəza alıb, onun geri dönüşünü gözləyirik. Vurğun Hüseynov da qayıdacaq. 3 transfer də gəlsə, rotasiyalar edəcəyik.

Bənzər xəbərlər