“Bunları hardan çıxarırsız?” - “Qəbələ”nin sabiq futbolçusunu hansı sual əsəbləşdirdi
Estoniya millisinin və “Flora” komandasının futbolçusu Sergey Zenyovun Msport.az saytına müsahibəsi
– “Flora”da işləriniz necə gedir?
– Artıq 2-ci ildir bu komandadayam. İki gün öncə çempionluğumuzu rəsmiləşdirdik.
– Təbrik edirəm. Bu, sizin “Flora” ilə ilk çempionluğunuzdur?
– Bu, mənim nəinki “Flora”da, Estoniyada ilk çempionluğumdur.
– Ötən mövsüm komandanız UEFA Konfrans Liqasının qrup mərhələsində mübarizə apardı…
– Bəli, ölkə futbolu üçün super nailiyyət idi. Həmin vaxt ən yaxşı hissləri yaşadım.
– “Qəbələ” ilə qrupda oynamaq təcrübəniz var. Maraqlıdır, “Flora” ilə qrup mərhələsinə çıxmağa niyə bu qədər sevinmisiniz?
– Bu, mənim üçün xüsusi hadisə idi. Çünki doğma ölkəmin komandası ilə bu uğura nail olmuşdum. Mənim birinci təcrübəm olmasa da, bir çox komanda yoldaşım üçün ilk idi.
– “Qəbələ”də uğurlu karyeranızı olub. Həmin illəri necə xatırlayırsınız?
– Təbii ki, hər zaman həmin dövrü çox gözəl hadisələrlə xatırlayıram. Möhtəşəm illər idi. Yaxşı komandamız var idi, ardıcıl 2 il Avropa Liqasının qrupunda oynadıq. Təəssüf ki, azarkeşləri yalnız çempionluqla sevindirə bilmədik.
– Sizcə, “Qəbələ” niyə çempion ola bilmədi?
– Hər mövsüm özümüz özümüzə mane olurduq. Öz səhvlərimizdən çempionluq titulunu qazana bilmirdik.
– “Qəbələ”nin o vaxtkı baş məşqçisi Roman Qriqorçukla münasibətləriniz necə idi?
– Hər şey qaydasında idi. Normal iş münasibətlərimiz var idi.
– Hazırda onunla hansısa formada əlaqələriniz var?
– Xeyr, “Qəbələ”dən ayrıldıqdan sonra demək olar ki, danışmamışıq. Son illərdə isə ümumiyyətlə əlaqə kəsilib.
– Bəs, hazırda “Qəbələ”dən kimlərlə əlaqəniz qalıb?
– Yox, Sabiq klubumdan heç kimlə danışmıram. Hansısa uğura görə təbrik yaza bilərəm. Amma konkret olaraq, əlaqə saxladığım şəxslər yoxdur.
– Deyilənə görə, xasiyyətcə soyuq insansınız. “Qəbələ”də heç kimlə dostluq etməmisiz.Həqiqətən belədir?
– Maraqlıdır, bunları haradan çıxarırsınız?
– Eşitdiyimizi soruşuruq…
– Sizə belə deyiblərsə, deməli, onlar üçün elə görünürəm.
– “Qəbələ”də ən unudulmaz oyununuz hansı olub?
– Hansısa bir matçı fərqləndirə bilmərəm. Sadəcə onu deyim ki, avrokuboklardakı bütün oyunlar mənim üçün yaddaqalan olub.
– Azərbaycan millisi 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Estoniya ilə eyni qrupa düşdü. Püşkü necə dəyərləndirirsiniz?
– Normal qrupdur, mübarizə aparmaq olar. Şanslar bərabərdir. Hər bir yığmanın qrupdan çıxmaq şansı var.
– Millinin heyətində ən çox oyun keçirmiş futbolçulardan biri kimi, Azərbaycanla matçlardan nə gözləyirsiniz?
– Dediyim kimi, şanslar 50/50-yədir. Təbii ki, asan olmayacaq. Sonadək mübarizə gedəcək. Öz aramızdakı oyunlara gəlincə, yəqin ki, hər iki tərəf həm evdə, həm də səfərdə rəqibinə qalib gəlməyə çalışacaq.