featured-image-22718

Azərbaycan Premyer Liqasında XXII turun “Turan Tovuz” – “Kəpəz” (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Məğlubiyyət xoş deyil. Bəlkə, “Qarabağ”la oyundan sonra komandada eyforiya var idi. İlk hissənin sonunda buraxdığımız qol bizə pis təsir etdi. İkinci yarının da əvvəlində top buraxdıq. Komanda mübarizə apardı. Rəqib daha istəkli idi. İki yaxşı oyundan sonra komandada eyforiya yaranmışdı. Düşdüyümüz vəziyyətdən çıxmağa çalışacağıq. Oyun barədə deməyə çox şey yoxdur. İki səhvin qurbanı olduq.

– Azarkeşlər size istefaya çağırırdı. Reaksiyanız necədir?
– 6-cı aydır, buradayam. Klubun rəhbərliyi var. Fanatları başa düşmək olar. Burada məni nəyin gözlədiyini bilirdim. Təzyiq olacağını ehtimal edirdim. Komandanı istəyən də var, istəməyən də. O qədər nəticə vermişəm, məni yola salıblar ki… Çalışırıq, komandanı bu vəziyyətdən çıxaraq. 7-ci tura qədər 0 xal idisə və indi 14 xaldırsa, bir az səbrli olmaq lazımdır. İstəmirlərsə, problem deyil. Çəkinəcək, qorxacaq bir şeyim yoxdur. İki il işsiz qaldım, dünya dağılmadı. Ağır vəziyyətlərdə işləmişəm. Bir günlə, bir oyunla yaşamamışam. Komanda oyununu tapacaq. Sabah rəhbərliklə görüşümüz olacaq. Ondan sonra nələrsə müzakirə olunacaq.

– Meydandankənar oyunlara görə yorulmamısız?
– Kaş dünya düz, hər şey ədalətli olardı. Onda faciələr də olmazdı. Qardaş ölkə Türkiyədə, Suriyada baş verən faciəyə görə hələ özümə gələ bilmirəm. İnsanların apardığı mübarizəni görəndə hər şey unudulur. İnsan düzəlmir. Həmişə kimdəsə səhv axtarırıq. Bəzən insanlığımızı unuduruq. Açıb qoysam ortaya ki, burada nələr baş verir, Gəncə futbolu üçün ayıb olar. Bəzi söhbətlər mənimlə qəbrə gedəcək. Harda yığışırlar, niyə gəncəli-bakılı söhbətləri gedir, hamısını bilirəm. Bunlar futbol üçün xoş deyil. Çalışırıq ki, komandanı ağır vəziyyətdən çıxaraq. Dünən nə ilə, necə gəldiyimizi açıqlasam, utanc olar. Komandanın heç nəyi olmayan vaxtda dirçəltməyə çalışırıq. Niyə təzyiq etdiklərini bilirəm. Məni dəvət edən rəhbər var. İki gün əvvəl danışmışıq, sabah da görüşəcəyik. Konkret söhbət edəcəyik.

– İsgəndər Cavadovla, yoxsa İlqar Nadiri ilə görüşəcəksiz?
– Çoxdandır, İsgəndər Cavadovu görmürəm. Bilmirəm, haradadır. Bura gələndən bir dəfə görüşmüşəm, onda da sözümü demişəm. Haqlı olduğum ortaya çıxıb. Sabah İlqar Nadiri ilə söhbətim olacaq. Bu gün istefa barədə düşünmürəm. İstefa versəm, çox insan ac qalacaq. Komanda Premyer Liqada qalandan sonra getməyi düşünürəm. Ondan sonra “Kəpəz”də olmayacam.

– Komanda içində komanda var?
– Dediklərimdən siz başa düşdüz. Ötəri qeyd etdim. Hamıya hər şey aydındır.

– Siz “Kəpəz”ə gələndə əksəriyyət müsbət qarşılayırdı. Son cümlələrdən aydın oldu ki, artıq İsgəndər Cavadov da qarşı tərəfdədir. Sizdən nə istəyiblər, etməmisiz ki, belə vəziyyət yaranıb?
– Mənim üçün də qaranlıq qalan məqamdır. Deyirlər, iştah yemək yediyin zaman gəlir. Komanda yaxşı oynadı, qələbələr qazandı, ondan sonra insanlar fikirləşir ki, bütün oyunlar udulmalıdır.

– Deməli, bu vəziyyə nəticələrə görə yaranıb?
– Xeyr. Nəticəyə görə deyil. Burada yerlipərəstlik söhbəti gedir. Deyirlər, gəncəlilər işləməlidir. Mən işi təhvil verəcəm, kim istəsə gələr. O biri dəstədə kimin olduğunu bilmirəm. İsgəndər Cavadov uzun müddətdir gəlmir. Komandaya dəstək verən, təbrik edən yoxdur. Nə bacarmışıq, özümüz – məşqçilər etmişik. Amma bizimlə iş bitmir.

– Yaşar Vahabzadə ilə bağlı da yerlipərəstlik var idi. O danışmadı, siz də açıqlamaq istəmirsiz. Axı kimsə danışmalıdır…
– Hər şey bəllidir. Mətbuata da sızdırırlar. Kim sızıdır, niyə bunu edir – hamı bilir. Açıqlamağımız düz deyil. Elə şey var ki, mənimlə qəbirə gedəcək. Kim niyə sızdırır, bilirik. Təsəəsüf ki, bu məsələlər həllini tapmır. Uduzmuşuq, başda mən uduzmuşam. Hər oyundan iki gün əvvəl komanda barədə nələrsə sızdırırlar. Yalandan da olsa nəsə deyilər ki, ab-hava yaxşı olmasın.

– Klubda çalışanların neçə faizi sizin tərəfinizdədir?
– Bilmirəm. Bəlkə də, 0 faizdir.

– Yanınızda olmayanalara gücünüz çatmır?
– Xeyr. O adamlara gücümüz çatmır. Nankor olsa belə, kiminsə çörəyinə bais olmaq istəmirəım. Mənim işim komandanı qaldırmaqdır. Kim istəmir və işdə qalırsa, bu, mənə aid məsələ deyil.

– “Neftçi”də də soyuq münasibətlə üzləşmişdiz, “Keşlə”də də. İndi də eynisi təkrarlanır. Özünüzdə, xarakterinizdə problem görmürsüz?
– Özümdə heç bir günah görmürəm. İşimiz nə tələb edirsə, onu edirəm. 25-30 futbolçu ilə məşq edirik. Hamısı ilə gözəl münasibət var. İşdə hansısa nankorluğu bağışlamıram. Komandada futoblçular qardaş kimi olmalıdır. Kimsə baş məşqçinin arxasınca danışır, sonra mənə başqa şey deyir, komanda yoldaşına təhqiramiz ifadə işlədirsə və mən onu uzaqlaşdıranda deyirlər, Tərlan səhvdir. Mən işimdə tələbkaram. “Keşlə”də, “Neftçi”də bağışladım, axırda işsiz qaldım. Məsuliyyətim daha çoxdur. Komanda yoldaşına, kluba dəyər vermirsə, kimliyindən asılı olmayaraq, o futbolçunu uzaqlaşdırıram. Komandanı elitada saxlayandan sonra mən burada olmayacam.

Bənzər xəbərlər