"Burada oynamaq həmişə çətin olub" - Murad Musayev
Azərbaycan Premyer Liqasının 20-ci turunun “Qəbələ” – “Sabah” oyunundan (0:3) sonra qonaqların baş məşqçisi Murad Musayev CBC Sport-a açıqlama verib.
Msport.az xəbər verir ki, rusiyalı mütəxəssis çətin bir qarşılaşmada 3 xal qazandıqlarını deyib:
“Çətin, gərgin ağır oyun oldu. Rəqib kifayət qədər motivasiyalı çıxmışdı meydana. Qələbəni çətinliklə qazandıq. Şadam ki, xarakter nümayiş etdirib intizamlı oynayıb istəyimizə nail olduq. “Qəbələ” yeganə komandadır ki, “Qarabağ” üzərində qələbə qazanıb. Ona görə də burda oynamaq həmişə çətindir”.
Musayev “Sabah” arzuladığınız komandanın neçə faizidir” sualına belə cavab verib: “”Neftçi” ilə son oyun görmək istədiyimə yaxın idi. Yüksək təzyiq, müdafiədən hücuma tez çıxmaq var idi. “Neftçi” ilə görüş hər zaman görmək istədiyimiz oyuna yaxın idi”.
“Sabah”ın çalışdırıcısı “Qarabağ”la çempionluq mübarizəsi haqqında da fikirlərini bildirib: “Bu mənim sevimli sualımdır. Hər oyundan sonra bu sualı mənə verirlər. Hələ ki biz “Qarabağ”dan 7 xal geri qalırıq. “Qarabağ” uzun illərdir ki, yaradılmış, inkişaf etmiş komandadır. “Sabah” öz yoluna yeni başlayıb. Məqsədimiz “Qarabağ”l məğlub etməkdir desəm doğru olmazdı. Məqsəd keyfiyyətli oyuna nail olmaq və bunun hesabına irəliləməkdir”.
AYXAN







