featured-image-14312

Türkiyənin “Bursaspor” klubu  bir neçə futbolçunun pulunu ödəmədiyi üçün FİFA tərəfindən cəzaya məruz qalıb. “Ağ-yaşıllar” iki “transfer pəncərəsi” zamanı heyətə yeni oyunçular cəlb edə bilməzlər.

“Ağ-yaşıllar”ın pulunu tam ödəmədikləri arasında millimizin üzvü Namik Ələskərov da var.

Msport.az hazırda “Sabah”da çıxış edən vingerin Bursa təmsilçisində hansı problemlərlə üzləşdiyini öyrənib. 27 yaşlı futbolçunun Türkiyə klubu ilə müqaviləsi 2+1 sistemi üzrə olub. Əslində “Bursaspor” həmyerlimizə bu ilki maaşı da ödəməlidir. Lakin Namikin artıq “Sabah”la müqaviləsi olduğundan qərara əsasən, yarımmüdafiəçiyə orada olan maaşı ilə burada olan əməkhaqqısının fərqi qədər pul ödənməlidir.

Bundan başqa, “Bursaspor” Ələskərova ötənilki maaşını da tam şəkildə verməlidir. FİFA-nın qərarına əsasən, klub yığmamızın üzvünə təxminən 200-300 min avro məbləğində pul ödəməlidir.

“Bursaspor”un bu qərardan 21 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) appelyasiya vermək hüququ var. Amma artıq 14 gün keçsə də, Türkiyə klubu hələ ki CAS-a müraciət etməyib. Əgər sona qədər CAS-a appelyasiya verilməsə, ödəmə qüvvəyə minir və hər ödənməyən günə görə kluba faiz gəlir.

Appelyasiya üçün də klub təxminən 20-30 min avro etiraz haqqı köçürməlidir. Hazırda ağır maliyyə durumunda olan Bursa klubu çətin ki, CAS-a müraciət etsin. Əgər bu, baş versə belə, bir ay müddətində yenidən FİFA-nın qərarı qüvvədə saxlanıla bilər.

Qeyd edək ki, “Bursaspor” Ələskərovdan başqa, Tim Matavz, Reqi Ofosu Baah, Luka Çapan da borcludur.

Bənzər xəbərlər