"Çalışırdıq ki, "Qarabağ"ı öz silahı ilə vuraq" - Tərlan Əhmədov
Azərbaycan Premyer Liqasının 21-ci turunun “Kəpəz” – “Qarabağ” (1:1) oyunundan sonra Tərlan Əhmədov fikirlərini bildirib.
Msport.az xəbər verir o, CBC Sport-a açıqlamasında komandasından razı qaldığını deyib:
“Futbolçulara belə oyunlarda çox da motivasiya verməyə ehtiyac olmur. Onlar özləri oyuna köklənirlər. Biz bəlkə də turnir cədvəlində olduğumuz yerdə deyilik. Oyun baxımından hər tur inkişaf edib baxımlı futbol nümayiş etdiririk.
Bu gün “Qarabağ” kimi komandaya qarşı açıq futbol oynaya bilməzdik. Lakin çox da qapanmaq da olmazdı. Çalışırdıq ki, “Qarabağ”ı öz silahı ilə vuraq – topa nəzarət etmək, əks-hücumları qurmaq. Bunun da öhdəsindən gəldik. Komanda daha çox əzmkarlıq göstərdi. İstəkli idilər ki, xal qazanaq, qalib gələk.
Hər zaman futbolçulara demişəm ki, komandaların adı var. Ola bilər ki, hər hansı klub Azərbaycan Premyer Liqasında, avrokuboklarda uğurla çıxış edir, amma istək hər şeyi örtür. Bu gün daha çox istəkli kim olacaqdısa, o da qazana bilərdi. Nəticə baxımından hər iki komanda xal qazandı. Məni sevindirən odur ki, hər iki hissədə komandam nizamlı oynadı. Hər top uğrunda mübarizə apardılar ki, xal əldə edək. “Qarabağ” kimi komandadan 1 xal alıb turnir cədvəlində son pillədən çıxdıq. Belə oyunlarda 1 xal qızıl xaldır. Çalışacağıq ki, qarşıdakı turlarda da bu oyunumuzun davamını gətirək. Belə matçlarda nə qədər xal götürsək, bu, motivasıyadır. Futbolçularıma təşəkkür edirəm ki, gözəl, nizamlı, mübariz oyun göstərdilər, hətta qol da vurduq. “Kəpəz” sevərlərə, bizə dəstək olan hər kəsə təşəkkür edirəm.
Gəncə klubunun çalışdırıcısı “Qarabağ”ın qapısına verilən sonra oyundan kənar vəziyyətə görə VAR tərəfindən ləğv olunan penalti epizoduna da münasibət bildirib:
“Artıq biz də VAR sisteminə uyğunlaşırıq. Bilirik ki, vurulan qollar, penaltilər bir qədər vaxt tələb edir. Hər an belə hadisələrin baş verə biləcəyini bilirik. Soyuqqanlı şəkildə qəbul edirik, bu qərarları. Futbolun gözəlliyi həyəcandadır, indi də VAR sistemi ilə həyəcan yaşayırıq ki, sayılacaq, ya yox. Artıq buna da öyrəşirik. Bunu da qəbul etməliyik”.
AYXAN







